Marşallar kimlərdir və onların işi nədən ibarətdir?
Bayraqdar.info – Formula-1 Qran Pri yarışlarına çox az qaldı. Paytaxt Bakı ciddi-cəhdlə bu yarışlara hazırlaşır. Artıq bir çox işlər demək olar ki, tamamlanıb. Yarış zamanı avtomobillərin keçəcəyi yollar müəyyənləşib, hazırlanıb, ətrafları dəmir çərçivələrlə bağlanıb. Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və Bakı Şəhər Halqası vətəndaşları yarışlarla bağlı məlumatlandırıb. Yarışların keçiriləcəyi günlər – iyunun 4-dən 6-na kimi paytaxtın mərkəzinə avtomobillər və ictimai nəqliyyat buraxılmayacaq. Piyadaların rahat hərəkəti üçün isə yeraltı və yerüstü piyada keçidləri hazırlanıb.
Biz də bayraqdar.info olaraq şəhərdə görülən işlərlə yaxından tanış olmaq üçün paytaxt küçələrini dolaşdıq. Diqqətimizi çəkən məqamları həm də fotoya aldıq.
Qeyd edim ki, mərkəzdə şairə X.Natəvanın heykəlinin qarşısındakı meydan (Əziz Əliyev küçəsi) “Sinema Plus”a (keçmiş “Azərbaycan” kinoteatrı) dönən yerə qədər dəmir çərçivələrlə bağlanıb.
Fəvvarələr Meydanı ilə Mirzə İbrahimov küçələrinin kəsişməsində yerləşən keçmiş “Araz” Kinoteatrının qarşısındakı böyük fəvvarələrdən birinin suyu boşaldılmışdı. Fəvvarə təmir edilib və işlək vəziyyətə gəritilmək üçün hazırlıq işləri görülürdü.
Yavaş-yavaş trekin gedəcəyi yollarla Milli Park (Bulvar) ərazisinə yol adıq. Milli Parkın ərazisində yerləşən Kukla Teatrında da təmir-bərpa işləri aparılırdı.
Milli ornamentli bəzəklərlə əhatələnmiş gül dibçəkləri
Kukla Teatrından dənizə tərəf açılan amfiteatr tərəfdə qoyulan milli ornamentlərlə bəzədilmiş iri gül dibçəkləri diqqətimizi çəkdi.
Gül dibçəklərinin üzərində milli xalça, kilim, palaz və gəbə ornamentlərini əks etdirən şəkillər qeyri-adi görünüşü ilə şəhər sakinlərinin və turistlərin böyük marağına səbəb olur.
Gül-çiçəyə bürünmüş şəhərdə fəvvarələr işə salınıb və hər tərəfdə təmizlik işləri aparılır.
Bakı Formula-1 treki
Formula-1 Avropa Qran Pri yarışları Azərbaycanda 2016-cı ildən keçirilir. Altı km uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən yol memar Hermann Tilke tərəfindən dizayn edilib.
Azadlıq Meydanından başlayan yol Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız Qalasına çatmaq üçün İçərişəhər ətrafında 2.2 km dövrə vurur. Daha sonra Neftçilər Prospektinə çıxaraq başlanğıc yerinə dönür. Trekin ən geniş yeri 13 m., ən dar hissəsi – İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 m. təşkil edir.
Bu yazımızda “Avtoralli” yarışı kimi də məşhur olan avtomobil yarışlarındakı marşallar haqqında məlumat verməyə lüzum gördük. Çünki çoxumuz onların niyə belə adlandırıldığından, işlərinin nədən ibarət oldugundan xəbərsizik.
Marşallar və onların işi
Dünyada bütün avtomobil yarışlarında avtomobillərin yollardakı hərəkətinə cavabdehlik daşıyan komandaya marşallar deyilir. Ötən yüzilin 50-ci illərdə Formula-1 yarışlarında pilotlara tablolar vasitəsilə məlumatları çatdırmaq lazım gəlirdi. “Mercedes-Benz” komandasının 1926-cı ildən 1955-ci ilədək rəhbəri olmuş Alfred Noybauer bu tabloları tutmaq üçün öz işçilərinin xidmətindən istifadə etməyə başlayır. “Marşal” adlandırılmaları da “etibarlı insan”, “təmənnasız kömək edən” anlamına gəlir.
Marşallar tiplərə bölünür.
Sektor marşalları – onlar öz sektorlarındakı bütün növ fəaliyyətlərə görə cavabdehdirlər.
Trek marşalları – Treki açır, kənar əşyaları və sıradan çıxmış bolidləri trekdən uzaqlaşdırır və qəza yerlərini təmizləyirlər.
Əlaqə marşallarının işi isə yarışa nəzarət etmək üçün baş verənləri izləyib hadisələr barədə məlumat verməkdir.
Bayraq marşalları pilotları trekdəki vəziyyət barədə məlumatlandırır və təhlükə olduqda xəbərdar edir.
Rəqəmsal Bayraq marşalları adi marşallar kimi fəaliyyət göstərir. Yeganə fərq adi bayraq əvəzinə displeydən istifadə etmələrindədir.
Tibb marşalları pilotları trekdəki gözlənilməz vəziyyət və ya irəlidəki təhlükə barədə xəbərdar edirlər.
Start və Finiş marşalları startda/finişdə bayraqlarla müxtəlif işarələrin verilməsinə cavabdehdirlər.
Yanğınsöndürən və xilasedici marşallar tədbir zamanı yanğın təhlükəsizliyinə cavabdehdirlər.
Pit və sıra düzülüşü marşalları start düzülüşünü qurur və pit xəttindəki pilotlar və insanlara görə cavabdehdirlər.
Bərpa marşalları bütün trek boyu qəzaya uğramış bolidləri bərpa edirlər.
Texniki təftiş marşalları qəzaya uğramış bolidləri yoxlayır və yarışa davam edib-etməmələrinə qərar verirlər.
Hüdud marşalları pilotlara trekdə və boksa qayıtmaq üçün kömək edirlər.
Logistika və təchizat marşalları bütün marşalları ərzaq, avadanlıq, dəftərxana ləvazimatları, radio qurğuları və geyimlə təmin edirlər.
Marşal olmağın yolu
Hər bir F1 fanatı marşal ola bilər. Bunun üçün xüsusi bacarıqların olması vacib deyil. Əsas olan yarışın bir hissəsi olmaq arzusu və bir də özünüqoruma instinktidir. Çünki təhlükəsizlik marşal işində ən vacib elementdir. Marşalın digər insanlardan fərqi ondan ibarətdir ki, o, 1-2 saniyə içində situasiyanı dəyərləndirib qərar qəbul etməyi bacarmalıdır.
Ralli yarışlarının tarixi
Bir az da avtomobil yarışlarının tarixinə nəzər salaq. Avtomobil icad edildiyi andan etibarən yarış həvəskarlarının diqqətini cəlb edib. Xırda miqyaslı yarışlar hələ 19-cu əsrin sonlarından başlayıb.
1907-ci ildə birinci qitələrarası ralli yarışı keçirilib. İlk dəfə Fransanın “Le Matin” qəzetinin təşkil etdiyi ralli Pekindən start götürüb və iştirakçılar 16 min km. yol qət edərək Parisə yetişməli idilər.
Yarışmanın qalibi Prins Ssipion Borxes “İtala” markalı avtomobildə səfəri 44 günə tamamlayır və 10 avqustda Parisə çatır.
Corc Kormie isə “De Dion Bouton” markalı avtomobillə 64 günə gəlib çatır.
Eyni markalı avtomobillə gələn Viktor Kolmie təyinat yerinə rəqibindən bir neçə saat fərqlə yetişərək üçüncü olur.
Qalib avtomobillər
“İtala” şirkəti 1903-cü ildə Torino şəhərində qurulub. Elə ilk illərdə çoxsaylı yarışların qalibi olan avtomobillər müəssisənin rəhbəri Matteo Seyranoya başucalığı gətirir. 1907-ci ildə 120 at gücü olan mühərriklə təchiz olunmuş bu model avtomobil İtaliyada sürət yarışmasının qalibi olur. Eyni model avtomobil Pekin-Paris rallisini digər rəqiblərindən 20 gün tez başa vurur.
Birinci Dünya Müharibəsi zamanı müəssisə italyan ordusu üçün yük avtomobilləri istehsal edir.
1916-cı ildə isə aviasiya mühərrikləri istehsalını mənimsəyir. Lakin sifarişlər yerinə yetirilmədən müharibə sona çatır və zavod istehsal etdiyi 3 min mühərriki sata bilmədiyi üçün iflas edir. 1929-cu ildə müəssisəni hərbi vasitələr istehsal etməklə böhrandan çıxarmaq cəhdi fiaskoya uğrayır. 1934-cü ildə isə müəssisənin fəaliyyətinə birdəfəlik xitam verilir.
“De Dion Bouton” isə 19-cu əsrin sonlarında təşəkkül tapmış bir fransız şirkətidir. Şirkət ilkin olaraq buxar maşınları, 1894-cü ildən buxarla işləyən yedəkçi vasitələr, 1885-ci ildə isə benzin mühərrikli üçtəkərli vasitələrin istehsalına başlayır. 1899-cu ildə daxili yanma mühərrikli avtomobil istehsalının başlaması müəssisənin tarixində dönüş nöqtəsi olur. Müəssisə tezliklə Latil, Peugeot, Renault kimi müəssisələri mühərriklə təchiz edir.
1900-cü ildə “De Dion Bouton” dünyanın ən böyük avtomobil istehsalçısına çevrilir. Motor istehsalı 3 min 200, avtomobil istehsalı isə 400-ə çatır. 1909-cu ildə şirkət V8 mühərriklərinin seriya ilə istehsalına başlamış ilk şirkət kimi tarixə düşür.
“İtala” kimi “De Dion Bouton” da 1929-cu il böhranı ilə sarsılır və 1933-cü ildən velosiped istehsalına başlayır. 1953-cü ildə isə şirkət birdəfəlik olaraq satılır.
Bu gün də Paris-Pekin marşrutu ilə yarışlar təşkil edilməkdədir. İlk illərdən fərqli olaraq indi yarışa gedən avtomobillər mükəmməl rabitə ilə təchiz olunur, texniki xidmət avtomobilləri yarış iştirakçılarını müşayiət edir. Marşrut isə çox cüzi dəyişikliyə uğrayıb. Ralli iştirakçıları Qobi səhrasını, tayqanı, sonu gəlməyən stepləri, Karpat dağlarını və digər maraqlı əraziləri keçməli olurlar.
Qeyd: Yazıda açıq mənbələrdən istifadə edilib.