Bayraqdar.info – “Azərkitab” Kitab Təbliğatı Mərkəzində 28 May – Respublika Gününə həsr olunan rəsm sərgisi keçirlib.
Bu barədə bayraqdar.info-ya sərginin layihə rəhbəri Elnurə İsgəndərova məlumat verib. “Meksika Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi Meksikanın Azərbaycandakı səfirliyinin koordinasiyası ilə, rəssamlar Aygün və Elnurə İsgəndərovalar tərəfindən təşkil olunub.
Tədbiri giriş sözü ilə “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov açıb. O, 1918-ci il şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının önəmindən bəhs edib.
Sonra sərginin layihə rəhbəri Elnurə İsgəndərova çıxış edərək sərgi haqqında geniş məlumat verib.
Qeyd olunub ki, sərgi Meksika mədəniyyəti və təbiətinin zəngin müxtəlifliyinə aid azərbaycanlı rəssamların baxışını əks etdirən 30-dək əsərdən ibarətdir.
Sonra çıxış edən Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini iki ölkə arasında dostluq əlaqələrinin inkişaf etdiyini bildirib. Səfir bu xüsusda mədəniyyət və incəsənətin rolunu qeyd edib: “Hər iki ölkənin bədii ifadələri bu dostluğu daha da möhkəmləndirməyə imkan verdi, danışdığımız dil və ya mənsub olduğumuz milliyyətdən asılı olmayaraq ünsiyyətimizi asanlaşdıran və canlandıran universal dəyər incəsənətdir”.
Azərbaycanlı rəssamlar yaratdıqları əsərlər haqqında təəssüratlarını bölüşüblər, ikitərəfli bədii əlaqələrin davam etməsinə dair arzularını ifadə ediblər.
Tədbirdə həmçinin Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, şair Yusif Nəğməkar və digər ziyalılar çıxış edib.
Sonda səfir bu sərgiyə görə “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənova və Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rəssam sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovalara dərin təşəkkürünü bildirib. Səfir adı çəkilən şəxsləri Azərbaycanda Meksika mədəniyyətini, incəsənətini təbliğ etdiklərinə görə səfirliyin xüsusi təşəkkürnaməsi ilə təltif edib. Həmçinin sərgidə iştirak edən rəssamlar diplomla təltif olunublar.