Son yeniləmə: 28 May 2021 10:54
Bu işdə dövlətlə yanaşı biz də cəmiyyət olaraq öz töhfəmizi verməliyik
Bayraqdar.info – Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük müharibədə misilsiz qəhrəmanlıq dastanı yazdı. Torpaqlarımız Ermənistanın işğalından azad edildi və Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Azərbaycan bu qələbə ilə həm də regionda yeni reallıqlar yaradıb. Postmüharibə dövründə bu reallıqlara uyğun addımlar atılmaqdadır. Amma məsələ təkcə bunda deyil. Eyni zamanda şanlı Zəfərin qəhrəmanları ilə bağlı da davamlı addımlar atılır. Azərbaycanda şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli dövlət dəstəyi göstərilir. Onlar hərtərfli dövlət qayğısı ilə əhatə olunub və bu kateqoriyadan olanların problemlərinin həlli daim diqqət mərkəzindədir.
Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət dəstəyinin istiqamətləri
Onu da qeyd edək ki, şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət dəstəyi müxtəlif istiqamətləri əhatə edir. Məsələn, müharibədən sonra Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin təqaüdü 500, 1-ci qrup müharibə əlillərinin 400, 2-ci qrup müharibə əlillərinin 350, 3-cü qrup müharibə əlillərinin isə 300 manata qədər artırılıb. Eləcə də Milli Qəhrəmanların təqaüdü 1 min 800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub. Yeni təqaüdün məbləği 2000 manat həcmində müəyyənləşdirilib.
Mənzil təminatı proqramı da uğurla həyata keçirilir
Ölkəmizdə həmçinin şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı da uğurla həyata keçirilir. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min ev veriləcək. Eyni zamanda, 2021-ci ildə 3 minədək mənzil və fərdi ev veriləcək. 2021-ci ilin planı üzrə artıq 400-ə yaxın mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulan vətəndaşlara verilib. Ümumilikdə isə indiyədək həmin kateqoriyadan olanlara 10 minə yaxın mənzil və fərdi verilib.
Beləliklə həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün də binaların, fərdi evlərin tikintisi davam etdirilir. Onu da bildirək ki, müharibə əlillərinə 7 min 200-ə yaxın minik avtomobili verilib.
6 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib
Bundan başqa Vətən müharibəsi iştirakçılarının cəmiyyətə reinteqrasiya məsələsi də diqqət mərkəzindədir. Elə Prezident İlham Əliyevin tapşırığına əsasən postmüharibə dövründə reallaşdırılan geniş sosial dəstək paketi deyilənləri təsdiqləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 6 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib. Onlardan 4 min 666 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub. Seçdikləri iqtisadi fəaliyyət növləri üzrə həmin şəxslərin kiçik ailə təsərrüfat və müəssisələrini qurmaları üçün proqram əsasında aktivlərlə təminatı işləri aparılır.
Bu kateqoriyalardan olan 430 nəfərə münasib işlərə göndəriş verilib, 930 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Məsələn, Vətən müharibəsi şəhidlərindən olan İsrafil İbrahimovun və Qüdrət Adişovun ailə üzvləri üçün də özünüməşğulluq proqramı çərçivəsində kiçik istehsal müəssisələri yaradılıb. Bununla bağlı məlumatda deyilir ki, lazımi avadanlıqlar verilməklə şəhid İsrafil İbrahimovun anası Səbinə İbrahimova (Nərimanov rayonu) üçün un məmulatlarının istehsalı müəssiəsi qurulub. Eyni zamanda, şəhid Qüdrət Adişovun anası Yaqut Adişova (Sabunçu rayonu) üçün tekstil məhsullarının istehsalı müəssiəsi qurulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli və digər əməkdaşlar hər iki ailə ilə görüşüb. Həmçinin ailələr üçün yaradılmış kiçik müəssisələrə də baxış olub. Şəhid ailələrinin sosial vəziyyətinin daim diqqətdə olacağı, onların sosial dəstəklə təminatı işlərinin bundan sonra da davam edəcəyi bildirilib.
Həmçinin, bu günlərdə özünüməşğulluq proqramı çərçivəsində Vətən müharibəsi qazilərindən daha iki nəfərinə kiçik biznes sahələri yaratmaları üçün aktivlər təqdim edilib. Müharibə əlilləri Camal Alxasov avtoyuma, Pərvin Rzayev isə dönər istehsalı üzrə kiçik biznes fəaliyyətlərini qurmaları üçün lazımi avadanlıqlarla təmin olunub. Aktivlər Nazirliklə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlıq çərçivəsində verilib.
Onu da qeyd edək ki, Camal Alxasov bir qədər əvvəl Nazirlik tərəfindən mühərrikli təkərli oturacaqla təmin edilib. Həmçinin, onun yüksək texnologiyalı protezlə təminatı üçün də işlər aparılır.
Örnəklər yetərincədir
Əlbəttə, bu cür nümunələri çox çəkmək olar. Lakin elə bunların timsalında da ölkəmizdə şəhid ailələri və qazilərin problemlərinin diqqət mərkəzində olduğu bir daha təsdiqini tapır.
Təəssüflər olsun ki, bəzən şəhid ailələri və qazilərin vəziyyətindən sui-istifadə etmək, onların böyük işinə kölgə salmaq cəhdləri olur. Amma çalışmalıyıq ki, şəhid ailələri və qazilər həqiqətən də layiq olduqları münasibəti görsünlər. Təbii ki, Azərbaycan dövləti bunun üçün əlindən gələni edir. Yuxarıda sadalanan faktlar, xüsusilə də cənab Prezidentin şəhid ailələrinə və qazilərə diqqət və qayğısı deyilənləri təsdiqləyir. Elə dövlət başçısnın müvafiq fərmanı ilə “YASAT” Fondunun çoxşaxəli fəaliyyəti bu diqqət və qayğının nəticəsidr. Növbəti yazılarımzda bu Fondun gördüyü işlərə ayrıca toxunacağıq. Hələlik isə onu bildirməyi borc bilirik ki, dövlətin gördüyü işlər bəllidir. Amma bu işdə dövlətlə yanaşı biz də cəmiyyət olaraq öz töhfəmizi verməliyik.