Press "Enter" to skip to content

Prezident 28 May – Respublika Gününü Agdamda qeyd etdi

Prezident: “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq”

Bayraqdar.info – Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edib.

Məlumatı Prezidentin Mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, Ağdama səfəri çərçivəsində ölkə başçısına şəhərin baş planı təqdim olunub.

Bundan sonra dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, Ağdam Sənaye Parkının və ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib. O, şəhər meşə-parkında ağac əkib.

Daha sonra Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksinə gedən ölkə başçısına imarət barədə məlumat verilib.

“Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov bidlirib ki, ərazidə kompleks yerləşib. Burada Pənahəli Xanın işlədiyi, yaşadığı yer və məzarlıqlar da var. R.Sadıqov Pənahəli Xanın və İbrahim Xanın dağıdılmış türbələri haqqında danışıb. O, Pənahəli Xanın atlarını saxladığı imarət barədə söz açıb. “Xan atlarını burada saxlayırmış. Atlar burada nümayiş olunub, satışa çıxarılıb. Bu ortada onun bağı olub. O sahədə isə onun karvansarayı olub. Gələn qonaqlar burada qalıblar. Eyni zamanda, sonradan bura Ağdam ictimaiyyətinin bayram keçirdiyi yerlərə çevrilib”, – deyə R.Sadıqov qeyd edib.

Prezident İlham Əliyev təəssüflə məzarların ermənilər tərəfindən dağıdıldığını bildirib.

Daha sonra Dövlət başçısı şairə Xurşudbanu Natəvanın məzarının dağıntılarına baxıb.

Prezidentə Ağdamın 1970-80-ci illərdəki həyatından bəzi məqamları əks etdirən fotolar təqdim edilib.

O, fotolara baxaraq: “Xarıbülbül” festivalıdır, burada keçirilmişdir”, -deyib.

QEYD: Prezidentin Mətbuat xidmətinin məlumatında qeyd edilib ki, 18-ci əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də Pənahəli Xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi bu imarət də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub.

Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinin canlı şahididir.

Pənahəli Xanın, İbrahimxəlil Xanın və Mehdiqulu Xanın türbələri və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də burada yerləşir.

Daha sonra ölkə başçısına Ağdamda Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin yaradılacağı haqda məlumat verilib.

Prezident həm də Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.

Qiyaslı kənd məscidində olan ölkə başçısına məscid haqqında məlumat verilib. Bildirilib ki, ermənilər burada da heyvan saxlayıb, gedəndə də məscidi yandırıblar. Prezident məscidin əvvəlki görüntüləri ilə maraqlanıb. Ona bərpaçının hazırladığı ilkin sənədlər təqdim edilib.

QEYD: Prezidentin Mətbuat xidmətinin məlumatında məscidlə bağlı qeyd edilir ki, bu məscid də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biridir. Ağdam rayonunun Qiyaslı kəndindəki bu dini abidə 18-ci əsrə aiddir. Qiyaslı məscidi 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.

Ölkə başçısının növbəti baş çəkdiyi ünvan Şahbulaq qalası olub. Dövlətimizin başçısına abidənin yenidənqurma planı təqdim edilib.

Prezident İlham Əliyev səfər çərçivəsində həmçinin Agdam rayonunun ictimaiyyət nümsyəndəlri ilə görüşüb və onların qarşısında çıxış edib.

İşğal dövründə doqquz dəfə Ağdamda olduğunu deyən ölkə başçısı artıq şəhərdə bir çox sosial layihələrin icra edildiyini bildirib.

“Bir çox məktəblər, Muğam Mərkəzi, Uşaq Xəstəxanası, Mərkəzi Rayon Xəstəxanası, Olimpiya Mərkəzi, infrastruktur layihələri icra edilib. Deyə bilərəm ki, ölkə üzrə olan göstəricilərdən daha da yüksək göstəricilər burada var. Qazlaşdırma təxminən 100 faizdir, şəhərin elektrik enerjisi, su ilə təchizatı təmin edilib, 150-dən çox artezian quyusu qazılıb. Şəhərin içində böyük bir meşə zolağı olacaq – 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər tikiləcək. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq”, – deyə Prezident Agdam ictimaiyyəti ilə görüşdə bildirib.

Mission News Theme by Compete Themes.