Bayraqdar.info – ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mayın 27-də Azərbaycan sərhədini keçərək təxribat törətmək istəyən Ermənistan əsgərləri ilə bağlı məsələyə münasibət bildirib.
Bununla bağlı xəbər bayraqdar.info-ya Dövlət Departamentindən daxil olub.
N.Prays deyib ki, ABŞ Ermənistanla Azərbaycan sərhədi boyunca baş verənlərdən və Azərbaycan Ordusunun bir neçə Ermənistan əsgərini tutuqlamasından narahatdır.
“Biz hər iki tərəfi bu hadisəni təcili həll etməyə çağırırıq. Biz eyni zamanda Azərbaycanı bütün müharibə əsirlərini və başqa məhbusları azadlığa buraxmağa çağırırıq. Biz Azərbaycana bütün həbs edilənlərlə beynəlxalq humanitar qanunlara uyğun davranmaqla bağlı öhdəliklərini xatırlatmaq istərdik”, – deyə N.Prays bildirib.
N.Prays daha sonra bildirib ki, ABŞ hələ dəqiqləşdirilməmiş beynəlxalq sərhəd boyu Ermənistan və Azərbaycanın istənilən hərəkətini təxribatçı və gərəksiz kimi dəyərləndirir: “Biz sərhədlərin dəqiqləşdirilməsində güc tətbiqini rədd edirik və hər iki tərəfi əvvəlki mövqelərinə qayıtmağa çağırırıq. Eyni zamanda hələ dəqiqləşdirilməmiş sərhəd boyunca hərbi istehkamlar qurub minalar döşəməkdən çəkinməyə çağırırıq”.
Dövlət Departamentinin sözçüsü daha sonra qeyd edir: “Biz özəlliklə də Azərbaycanı öz qüvvələrini mayın 11-də yerləşdikləri mövqelərə çəkməyə çağırırıq. Biz həm də Ermənistanı mayın 11-də olan mövqelərə çəkilməyə çağırırıq. Eyni zamanda bununla bağlı təşəbbüs ifadə edən açıqlamanı alqışlayırıq. Bu hərəkətlər gərginliyi aradan qaldırıb tezliklə sərhədlərin dəqiqləşdirilməsi üçün dinc danışıqlara imkan yaratmış olacaq. ABŞ bu cəhdlərə yardımçı olmağa hazırdır”.
“ABŞ ATƏT-in Minsk Qrupu həmsədlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin uzun müddətli siyasi həllinə nail olmaq üçün tərəfləri mümkün qədər tez substantiv danışıqlara qayıtmağa çağırır”, – deyə açıqlamada bildirilir.
Bayraqdar.info-dan
Göründüyü kimi, ABŞ Administrasiyası yenə də Azərbaycana münasibətdə qərəz nümayiş etdirir. Bu ölkə rəsmisi bir daha işğala və təcavüzə məruz qalmış Azərbaycanı işğalçı və təcavüzkar Ermənistanla eyni tərəziyə qoyur.
ABŞ-ın belə yanaşması nəinki münasibətlərin yaxşılaşdırılmasına, heç müvəqqəti həllinə də töhfə verə bilməz. Çünki münasibətlərin birdəfəlik normallaşması üçün hər bir tərəfə layiq olduğu kimi münasibət bildirilməlidir.
Bəlli olduğu kimi, Ermənistan əsgərləri məhz Azərbaycan ərazisinə keçib təxribat törədərkən yaxalanıblar. Yaxşı olardı ki, ABŞ məsələyə bu kontekstdə münasibət bildirsin. Onda təcavüzkar Ermənistan da həddini bilmiş olardı.
Lakin göründüyü kimi ABŞ Azərbaycanı da sanki Ermənistan ərazisinə təcavüz edən bir ölkə kimi qələmə verməyə çalışır. Üstəlik də həmsədri olduğu ATƏT-in Minsk Qrupunu bir daha gündəmə gətirir. Belə bir durumda Azərbaycan ABŞ-ın tərəfsiz vasitəçiliyinə necə güvənə bilər? Ümumiyyətlə güvənə bilərmi?