Bayraqdar.info – Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu 28 May – Respublika Gününə həsr olunmuş ingilis dilində qısa film hazırlayıb.
Bu barədə bayraqdar.info-ya ölkəmizin Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Məlumatda deyilir ki, filmdə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” üvertürasının müşayiəti ilə rəngarəng şəkil və videolar əks olunub. Filmdə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qurulduğu və müsəlman dünyasında ilk dünyəvi demokratik ölkə olduğu qeyd edilir. Həmçinin, Azərbaycanın 1919-cu ildə müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verdiyi vurğulanır.
Filmdə həmçinin AXC-nin mütərəqqi islahatlar apararaq müasir dövlət quruculuğuna başladığı bildirilir. Ancaq zəngin neft ehtiyatlarına sahib Azərbaycanın bolşeviklərin əsas hədəfi olduğu, Vladimir Leninin “Sovet dövləti Bakı nefti olmadan sağ qala bilməz” sözləri vurğulanır. 28 aprel 1920-ci ildə Sovet Ordusunun Azərbaycanı işğal etdiyi və Respublikanın müstəqilliyinə son qoyduğu qeyd edilir. 50 min azərbaycanlının bu işğala qarşı mübarizədə həlak olduğu diqqətə çatdırılır.
Azərbaycanın 71 il sonra – 18 oktyabr 1991-ci ildə müstəqilliyini bərpa, 2020-ci ildə isə torpaqlarını 30 illik işğaldan azad etdiyi vurğulanır.
Ölkənin bu gün müstəqil dövlət kimi regionda ən güclü iqtisadiyyata malik olduğu qeyd edilir. Eyni zamanda qitələri birləşdirən nəhəng layihələr həyata keçirdiyi və bütün dünyaya dinlərarası harmoniya üzrə bariz nümunə olduğu bildirilir.
Filmdə ölkəmizin öz mütərəqqi irsi ilə fəxr etdiyi və gələcəyə doğru inamla addımladığı qeyd edilir.
Film Azərbaycanın Argentina və Yunanıstandakı səfirlikləri tərəfindən müvafiq olaraq ispan və yunan dillərinə də tərcümə olunub.
Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artıb. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los Ancelesdəki Baş Konsulluq Azərbaycana dair müxtəlif mövzularda 24 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bəziləri dünyanın digər aparıcı dillərinə də tərcümə olunub.