Press "Enter" to skip to content

Xarici İşlər naziri Avstriyalı həmkarıyla, ardından da diaspor üzvləri ilə görüşüb

Bayraqdar.info – Avstriyada səfərdə olan Xarici İşlər naziri Ceyhun Bayramov mayın 26-da həmin ölkənin Avropa və Beynəlxalq Məsələlər üzrə federal naziri Aleksandr Şallenberglə görüşüb.

Bu haqda xəbəri bayraqdar.info-ya Nazirliyin Mətbuat xidməti idarəsindən veriblər.

Xəbərdə deyilir ki, nazirlər iki ölkə arasındakı münasibətləri müzakirə edib, pandemiya sonrası dövrdə əlaqələrin canlandırılmasının önəmini qeyd ediblər.

C.Bayramov həmkarına Ermənistan-Azərbaycan münaqişəsi, onun səbəbləri, onillər ərzində davam edən erməni təcavüzü haqqında danışıb. O, Azərbaycanın məcburiyyət qarşısında qalaraq torpaqlarını silah gücünə azad etməsi haqqında da bilgi verib. Eyni zamanda azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri haqqında fikirlərini paylaşıb.

Nazir onu da əlavə edib ki, işğal faktorunun aradan qaldırılması bölgədə yeni işbirliyi imkanları açıb. O cümlədən Ermənistanla da münasibətlərin normal müstəviyə daşınması üçün şərait yaranıb.

Hər iki nazir beynəlxalq qurumlar çərçivəsində işbirliyi imkanları haqqında da fikirlərini bölüşüblər.

XİN-dən verilən başqa bir xəbərdə isə deyilir ki, C.Bayramov eyni gündə Avstriyadakı Azərbaycan diasporunun üzvləri ilə görüşüb.

Nazir həmvətənlərə münaqişə sonrası dövr, yaranan yeni imkanlar haqqında bilgi verib. O, Prezident İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun həyata keçirdiyi döyüş əməliyyatları haqqında danışıb. Nəticə olaraq ölkənin ərazi bütövlüyünün bərpa edildiyini qeyd edib.

C.Bayramov müharibə sonrası bölgədə yaranmış yeni imkanlar haqqında da fikirlərini bölüşüb.

Nazir 44 günlük Vətən savaşı günlərində diaspor üzvlərinin ümumi qələbəyə verdiyi töhfə haqqında fikirlərini bildirib. O, bunu təqdirəlayiq davranış kimi qeyd edib.

C.Bayramov sonda görüş iştirakçılarının suallarını cavablandırıb, fikir mübadiləsi aparıb.

Mission News Theme by Compete Themes.