Press "Enter" to skip to content

Xaçmazda bölgə sakinlərinin müraciətlərinə baxılıb

Bayraqdar.info – Prezident İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən son illərdə reabilitasiya infrastukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm işlər görülüb. 2019-2020-ci illərdə və cari ilin ötən dövründə Xaçmaz şəhərindəki Reabilitasiya Mərkəzi də daxil olmaqla 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidən qurmadan sonra istifadəyə verilib. Həmin müəssisələr müasir avadanlıqlarla da təchiz edilib. Müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi Vətən müharibəsində yaralanmış hərbçilərimizin yüksək səviyyədə bərpa müalicəsi xidmətlərilə təminatında xüsusi önəm kəsb edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov bildirib.

Xəbəri bayraqdar.info-ya Nazirlikdən veriblər.

Qeyd olunub ki, Cavid Əbdul-Qədirov Xaçmaz şəhərindəki Reabilitasiya Mərkəzində bölgə sakinlərilə görüşərək onların Agentliyin fəaliyyət sahələrinə dair müraciətlərini cavablandırıb.

Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşların əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminatla bağlı müraciətləri yerindəcə araşdırılıb. Həmçinin müvafiq tədbirlər görülüb. Qurumun bir qrup həkim-ekspertinin iştirak etdiyi görüşdə bəzi şəxslərin əlilliyinin qiymətləndirilməsi üçün yerindəcə əyani müayinələri aparılıb.

Əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri ilə təminat proseduru barədə vətəndaşlara izahatlar da verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib. Müraciətləri əsasında 10 nəfər əlilliyi olan şəxsə mühərrikli təkərli oturacaq, 2 nəfərə mexaniki təkərli oturacaq verilib. Habelə bir sıra əlilliyi olan şəxslərə müxtəlif reabilitasiya vasitələri təqdim edilib.

Tədbir çərçivəsində Agentliyin Xaçmaz Reabilitasiya Mərkəzinə mediatur da təşkil edilib. Media təmsilçiləri Mərkəzdə Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olub, göstərilən xidmətlər barədə qazilərin fikirlərini öyrəniblər.

Mission News Theme by Compete Themes.