Bayraqdar.info – Güney Azərbaycanın Urmu (Urmiya) şəhərində yaşayan milli-mədəni fəal Salar Tahir Əfşar yaxınları ilə saxladığı telefon əlaqəsi zamanı həbsxananın karantin bölümündən gənclər bölməsinə köçürüldüyünü deyib.
Milli fəal mayın 19-da öncədən bildirilmədən həbsxananın karantin bölməsinə köçürülmüşdü.
Salar Tahir Əfşar bu il aprel ayının 19-da Urmu şəhərindəki ata evində təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdı.
Bundan öncə 4 il həbs cəzasına məhkum edilən milli fəalın cəzası Qərbi Azərbaycan əyalətinin apelyasiya məhkəməsinin 13-cü şöbəsi tərəfindən 1 ilə endirilib.
Məhkəmənin 13-cü şöbəsinin hakimləri Əlipur və Rəcəbi milli fəala qarşı irəli sürülən “qanunsuz təşkilat qurmaq” ittihamından bəraət veriblər.
Onlar ibtidai məhkəmənin “hökumətə qarşı təblığat” ittihamını 1996-cı ildə təsdiq edilmiş İslami Cəza Qanununun 500-cü maddəsinə uyğun hesab edərək Salar bəyin 1 il həbs cəzasını qüvvədə saxlayıblar.
Urmulu fəal 2020-ci il iyulun 16-da, Ermənistan-Azərbaycan sərhədinin Tovuz kəsimində baş verən toqquşmadan sonra Azərbaycan Respublikası və ordusuna dəstək məqsədi ilə keçirilən mitinqlərin təşkilatçılığına görə Urmuda saxlanılmış və bir neçə gün sonra 50 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.
Milli fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və təhdid edilib. O, 2019-cu ildə Urmu şəhəri İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “qanunsuz təşkilata üzv olmaq” ittihamı ilə 1 il həbs cəzasına məhkum olunmuşdu. Sonradan həbs cəzası 1 milyon tümən dəyərində nağd cərimə ilə dəyişdirildi.
C.E
Qaynaq: GünAz.TV