Bayraqdar.info – Prezident İlham Əliyev mayın 27-də Türkiyənin Milli Təhsil naziri Ziya Selçuku qəbul edib.
Görüşdə İlham Əliyev Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdən danışıb. “Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. Təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün, əlbəttə ki, bu sahədə çox önəmli addımlar atılmalıdır və əslində atılır.
“Əminəm ki, sizin bu dəfəki səfəriniz çərçivəsində bir çox önəmli məsələlər müzakirə olunacaq və gələcək işbirliyimiz üçün planlar tərtib ediləcək”, – deyə Prezident bildirib.
Daha sonra Prezident qonaga II Qarabağ müharibəsindən danışıb. Ermənilərin işğaldan azad edilmiş ərazilərdə törətdiyi dağıntılardan söz açıb.
“İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulub. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Recep Tayyip Erdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıb”, – deyə Prezident qonağa məlumat verib.
Daha sonra o qeyd edib ki, peşə təhsili ilə bağlı işlərə çox böyük ehtiyac var. Həm azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə azad edilmiş torpaqlarda o bölgələrin potensialına uyğun peşə məktəbləri yaradılmalıdır və biz Türkiyə tərəfinin dəstəyinə ümid edirik. Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir.
Həmçinin Prezident II Qarabağ müharibəsi mövzusunun təhsil proqramlarına, tarix dərsliklərinə salınmasına göstəriş verdiyini diqqətə çatdırıb. O, bildirib: “Beynəlxalq mətbuatda bu günə qədər II Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Ona görə real həqiqətləri biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Ümid edirəm ki, Türkiyənin tarix dərsliklərində də bu məsələ öz əksini tapacaq”.
Türkiyənin Təhsil naziri Z.Selçuk Azərbaycana tarixə yazılan Qarabağ Zəfərinin sevinci ilə gəldiklərini deyib.
“Min ildən sonra da Sizin adınız tarixdə uşaqlar tərəfindən tərənnüm ediləcək və uşaqlar Sizin adınızı, xalqın, şəhid olan əsgərlərimizin adını əzbər söyləyəcəklər, inşallah”, – deyə nazir söyləyib.
Nazir qeyd edib ki, təhsil proqramları, təhsilin inkişafı, gələcəklə bağlı görüləcək işlərlə əlaqədar heç bir problem ola bilməz.
“Biz hamısını həll edərik. Mən bunların texniki tərəfləri ilə Sizi məşğul etmək istəmirəm. Həmkarım, dostumla birlikdə biz nə lazımdırsa, artıqlaması ilə edərik. Heç narahatlığınız olmasın. Sizin əmrləriniz bizim üçün kifayətdir. Bu çərçivədə peşə fəaliyyəti ilə bağlı imzaladığımız protokol da hazırda həyata keçirilir. Bizim əlaqələrimiz, münasibətimiz rəsmi münasibətdən də yüksək səviyyədə davam edir. Proseslərin, işlərin sürətləndirilməsi üçün nə lazımdırsa, birlikdə edirik. Digər məsələlər də həll edilir.” Nazir söyləyib.
O, çıxışında Azərbaycan Prezidentinin FETÖ məsələsinə münasibətini də diqqətə çatdırıb. Qeyd edib ki, FETÖ məsələsində Prezident İlham Əliyevin göstərdiyi qətiyyət, verdiyi dəstək onlar üçün çox mühümdür. Bu, onlara böyük xoşbəxtlik və sevinc verir.
Məlumatı Prezdentin Mətbuat Xidməti yayıb.