Press "Enter" to skip to content

Türkiyəli generaldan Ermənistanın təxribatlarıyla bağlı sərt mövqe – ÖZƏL

Yücel Karauz: Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Rusiya və Türkiyənin hərəkətə keçməsi lazımdır

Bayraqdar.info – “Artıq bir neçə gündür ermənilərin Gədəbəy, Kəlbəcər və Şuşa istiqamətində törətdikləri təxribatların məqsədləri var. Birinci məqsəd budur ki, yalan və terror dövləti olan Ermənistan bu cür təxribatları növbəti çirkin niyyətini həyata keçirmək üçün törədir. Yəni, Ermənistan öz əməllərini Azərbaycanın ayağına yazmaq, Azərbaycanı təcavüzkar ölkə kimi qələmə vermək üçün dünyaya yalan məlumatlar təqdim edir. Bununla da bütün siyasəti yalanlar üzərində qurulmuş bu terror dövləti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi gücünü bölgəyə cəlb etmək istəyir.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyə Cümhuriyyətinin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib. Onun sözlərinə görə, bununla Ermənistan hakimiyyəti digər niyyətlər də güdür: “Onlar ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə işğalçı ölkənin düçar olduğu acınacaqlı məğlubiyyəti unutdurmaq niyyəti güdür. Həmçinin, 10 noyabr 2020-ci il tarixli üçtərəfəli Bəyanatda əks olunan digər tələblərin yerinə yetirilməsini ləngitmək və seçkiqabağı dövrdə daxili siyasətdə manipuliyasiya etmək istəyirlər”.

Y.Karauz deyib ki, bu təxribatçı atəşlərin bir qismi Ermənistandan, bir qismi isə Qarabağdakı hələ də silahını təhvil verməyən erməni terrorçularından gəlir: “Təbii ki, Ermənistan-Azərbaycan sərhədindəki olaylar fərqli bir yanaşma tələb edir. Amma Qarabağdakı, xüsusilə də Şuşaya qarşı açılan atəşlər və cinayət fəaliyyətləri oradakı ermənilərin terror təşkilatının əməlidir. Buna görə də Birgə Monitorinq Mərgəzində fəaliyyət göstərən Rusiya və Türkiyənin hərəkətə keçməsi lazımdır. Yəni bu terror əməllərini həyata keçirənlərin yerinin müəyyən edilməsi, bunun qarşısının alınması və Ermənistana xəbərdarlıq edilməsi vacibdir. Bölgədə olan Rusiya sülhməramlılarının üzərinə isə daha böyük məsuliyyət düşür. Onlar 10 noyabr 2020-ci il razılaşmasına görə bu bölgədə, Azərbaycan torpaqlarında yaşayan ermənilərin silahlarını təhvil verməsi üçün bir an öncə hərəkətə keçməlidirlər. Yəni sülhün bir nömrəli təminatçısı rolunu üzərinə götürən Rusiya addımlar atmalı, işğalçı Ermənistanı və Qarabağdakı erməni terrorçularını cinayətkar əməllərdən çəkindirməlidir”.

Onun sözlərinə görə, bu təxribatlar bir məqamı da növbəti dəfə ortaya çıxardı: “Bəlli oldu ki, işğalçılar boş dayanmaq niyyətində deyillər. Ona görə də Azərbaycanın Ermənistanla sərhədləri daha da gücləndirilməli, orada müasir silah-sursat və texnikalar yerləşdirilməlidir. Eyni zamanda, Rusiya, Azərbaycan və Ermənistan tərəfinin ümumi razılığı əsasında sərhəd bölgəsində əsgərlərin bir-birilə təmasda olmamaları, 5 metrdən yaxın məsafədə bir-birilərinə yaxınlaşmamaları məsələsi gündəmə gətirilməlidr. Həmçinin terrorçuluq əməlləri davam edərsə Azərbaycan ordusu bu əməlləri törətməyə çalışan ünsürlərə qarşı hərəkətə keçib onları məhv etməlidir”.

Mission News Theme by Compete Themes.