Bayraqdar.info – Dövlət Turizm Agentliyinin tabeliyində olan bəzi turizm müəssisələrində 28 May – Respublika Gününə həsr olunmuş tədbirlər planlaşdırılıb.
Agentlikdən bayraqdar.info-ya verilən məlumatda belə deyilir.
Qeyd olunur ki, mayın 28-də Şəki Tarix Diyarşünaslıq Muzeyindəki xüsusi guşədə ziyarətçilərə Respublika Gününün tarixi əhəmiyyəti barədə ətraflı məlumat veriləcək. Bu zaman ziyarətçilər həmçinin Xalq Cümhuriyyətinin fəaliyyətində Şəki dövrü və digər tarixi faktlarla bağlı da bilgiləndiriləcək. Muzeyin ekspozisiya zalında isə “Müstəqilliyimiz əbədidir” mövzusunda mühazirə səsləndiriləcək.
Şəki Dövlət Rəsm Qalereyasında isə 27 may – 6 iyun tarixlərində “Vətənim Azərbaycan” adlı sərginin keçirilməsi planlaşdırılır. Sərgidə gənc və yeniyetmə rəssamların rəsmləri nümayiş etdiriləcək.
Şəki Xalq Tətbiqi Sənəti Muzeyində bayram günü gənc rəssam Elxan Kərimovun əl işlərindən ibarət “Şərqin ilk demokratik respublikası” adlı sərgi təşkil olunacaq.
Həmçinin, Lahıc Tarix Diyarşünaslıq Muzeyində bayram münasibətilə “Açıq qapı” günü təşkil olunacaq. Muzeyin ziyarətçilərinə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin Lahıcda yaşadığı dövr, burada “Əsrimizin Siyavuşu” əsərinin yazılması tarixi və digər faktlar haqqında məlumat veriləcək. “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Fonduna aid qədim və tarixi əhəmiyyət kəsb edən əlyazmalar da muzeydə sərgilənəcək.