Press "Enter" to skip to content

Sərhədlərin pozulmasına yönəlik cəhdlər yolverilməzdir

Xarici İşlər Nazirliyi

Son yeniləmə: 27 May 2021 11:47

Bayraqdar.info – Ermənistan tərəfindən bir müddətdir ki, iki ölkənin sərhədyanı ərazilərində qəsdən gərginliyin artırılması siyasəti həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçməsi, ərazini minalama və digər diversiya cəhdləri terror-təxribat əməli kimi qiymətləndirilir.

Bu fikirlər Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin Ermənistan silahlı qüvvələrinin sərhədin Kəlbəcər rayonu istiqamətində növbəti təxribatı barədə məlumatında əks olunub.

Xatırladaq ki, bu gün Azərbaycan Redpublikası Müdafiə Nazirliyi Ermənistanın növbəti təxribatı barədə məlumat yayıb. Həmin məlumata əsasən mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstərib. Həmin qruplar aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərkisilah edilərək saxlanılıb.

“Azərbaycan Ermənistanın illər ərzində basdırdığı minalardan əziyyət çəkdiyi halda, Ermənistanın diversant qrupu tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdləri Azərbaycan hərbçilərinin və gələcəkdə mülki insanların həyatı üçün ciddi təhlükə ola bilərdi”, – deyə məlumatda vurğulanır.

Qeyd olunur ki, Azərbaycan Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarıdır, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarını dəstəkləyir: “Azərbaycan sərhədlərinin pozulmasına yönəlik cəhdlər yolverilməzdir. Ermənistan iki ölkənin sərhədində gərginliyin artırılmasına yönəlmiş əməllərdən çəkinməli və qonşu dövlətin sərhədlərinə hörmətlə yanaşmalıdır”.

Mission News Theme by Compete Themes.