Son yeniləmə: 27 May 2021 11:24
Bayraqdar.info – Təhsil Nazirliyinin verdiyi xəbərə görə, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika turniri başlayıb.
Atletika idman növü üzrə Gəncə şəhər Mərkəzi Stadionunda, voleybol üzrə Qusar Olimpiya İdman Kompleksində turnirin açılışı olib. Basketbol üzrə Şirvan, mini futbol üzrə isə Lənkəran Olimpiya İdman Kompleksində zona mərhələsinin açılışı keçirlib.
Tədbirdə tərəfdaş qurumların yerli idarəetmə orqanlarının nümayəndələri, təhsil, idman ictimaiyyəti iştirak edib.
Xəbərdə deyilir ki, zona mərhələsinin nəticələrinə görə, atletika üzrə I yerə Bərdə, II yerə Gəncə, III yerə isə Yevlax şəhərinin məktəbliləri çıxıblar.
Voleybol üzrə I yerdə Abşeron, II yerdə Qusar, III yerdə Sumqayıt şəhərinin məktəbliləri qərarlaşıb.
Basketbol üzrə I yeri Şirvan, II yeri Füzuli, III yeri isə Hacıqabul rayonunun məktəbliləri tutub.
Mini futbol üzrə I yerə Cəlilabad, II yerə Lənkəran, III yerə isə Biləsuvar rayonunun şagirdləri layiq görülüb.
Turnirin əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edilir ki, yarışların zona mərhələsinin qaliblərinə diplomlar təqdim edilib.
Olimpiya sistemi üzrə 6 zonada keçiriləcək turnirdə 4 idman növü üzrə Respublikanın bütün rayon və şəhərlərindən 2 mindən çox məktəbli iştirak edir.
Xəbərdə o da bildirlir ki, may-iyun aylarında keçiriləcək yarışların təşkilatçısı Təhsil, Gənclər və İdman nazirlikləri, MOK və Azərbaycan Məktəb İdmanları Federasiyasıdır.
Yarışlarda bütün rayon və şəhər məktəblərinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar, 14-15 yaş) iştirak edəcək.
Turnirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirməkdir.
Turnir COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilir.