Son yeniləmə: 27 May 2021 17:10
Bayraqdar.info – Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi münasibətilə Prezident İlham Əliyevə dünyanın hər tərəfindən dövlət rəhbərləri, nüfuzlu ictimai-siyasi xadimlərdən çoxsaylı təbriklər gəlməyə davam edir. Belə təbriklərdən biri də Azərbaycanın yaxın dostu, Çingiz Aytmatov ad. İssık Kul Forumunun Baş katibi Assol Moldokmatovadan daxil olub.
Prezident İlham Əliyevə göndərildikdən sonra ictimailəşdirilən və bayraqdar.info-ya da təqdim edilən məktubda Azərbaycana və onun liderinə verilən yüksək dəyərdən söz edilir.
“Zati-alinizi səmimi qəlbdən təbrik edir, bizim türk qardaşımızın şəxsində bütün qardaş Azərbaycan xalqına milli bayram münasibətilə təbriklərimi çatdırıram”, – deyə məktubda qeyd edilir.
Müəllif daha sonra qeyd edir ki, böyük qürur hissi ilə Azərbaycanın parlaq inkişafına görə sevinirlər. Eyni zamanda bildirir ki, müstəqilliyin əldə edilməsindən keçən qısa tarixi müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlar da sevindiricidir: “Sizin ölkəniz elmi-texniki, iqtisadi və mədəni inkişaf yolunda əminliklə irəliləməkdədir”.
“Azərbaycan zəngin resurs və intellektual potensiallı, dinamik inkişafda olan bir ölkədir. Burada bütün dünyada məşhur olan alimlər, mədəniyyət və incəsənət xadimləri nəslini yetişdirmiş çoxəsrlik milli ənənələr vardır”, – deyə A.Moldokmatova qeyd edir.
Müəllif daha sonra yazır: “Siz çağdaş Azərbaycan dövlətinin banisi – böyük şəxsiyyət, atanız Heydər Əliyevin işini layiqincə davam etdirirsiniz. Onun “yüksək mədəniyyəti olan xalq həmişə irəli gedəcək, yaşayacaq və inkişaf edəcək” kimi səslənən qanadlı ifadəsi bir çox ölkələrin inkişafının rəmzinə çevrilib”.
“Biz sizə mənəvi sahəyə xüsusi həssaslığınıza görə təşəkkür edirik. Böyük qırğız yazıçısı Çingiz Aytmatovun əsərlərinin dərc edildiyi “Azərbaycan” ədəbi jurnalının qorunmasına, Azərbaycan Yazıçılar Birliyinə, ədəbiyyata verdiyiniz dəyərə görə də təşəkkür edirik”, – deyə A.Moldokmatova davam edir.
Müəllif daha sonra yazır: “Əminəm ki, siyasi, ticari, iqtisadi və humanitar sahələrdə ölkələrimiz arasındakı münasibətlərin sonrakı inkişafı qırğız və azərbaycan xalqlarının maraqlarına cavab verir”.
“Qardaş Azərbaycan xalqının Qırğızıstanın sərhəd bölgəsinə Tacikistanın etdiyi təcavüz vaxtı sərgilədiyi mənəvi dəstəyi də xüsusi vurğulamaq istərdim. Sizə Azərbaycanın rifahı naminə səmimi qəlbdən sülh, yüksəliş və yeni nailiyyətlər arzu edirəm”, – deyə Forumun Baş katibi sözünü bitirir.