Son yeniləmə: 27 May 2021 12:01
Bu barədə arxeoloq alimlər maraqlı kitab yazıb
Bayraqdar.info – “I Plovdağ yaşayış yeri və nekropolunda arxeoloji tədqiqatlar – 2020” kitabı nəşr olunub. Kitabın müəllifləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri – tarix üzrə fəlsəfə doktorları Bəhlul İbrahimli və Elvin Əliyevdir. B.İbrahimli İnstitutun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, E.Əliyev isə Tədris və Beynəlxalq Elmi Əlaqələr Şöbəsinin aparıcı elmi işçisidir.
Xəbər mayın 27-də bayraqdar.info-ya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilib.
Kitabda Cənubi Qafqazın unikal abidələrindən biri olan Plovdağda – yaşayış yeri və nekropolda 2020-ci ildə aparılmış arxeoloji tədqiqatlardan bəhs olunur.
“B.İbrahimlinin rəhbəri olduğu Xaraba Gilan arxeoloji ekspedisiyası 2020-ci ildə 122 kv. m. sahədə çöl-tədqiqat işləri aparıb. Tədqiqatların əsas məqsədi Plovdağ yaşayış yerinin xüsusiyyətlərini, mədəni qatları (abidənin bu hissəsinin stratiqrafiyasını) və xronoloji çərçivəni müəyyən etmək olub. Mədəni təbəqə yatımı göstərir ki, buradakı yaşayış evi eramızdan əvvəl II minilliyin sonları – I minilliyin əvvəllərinə aiddir.
“Məlumdur ki, bir abidədə Erkən Tunc dövrünə aid həm yaşayış yeri, həm də nekropolun aşkar olunmasına çox az hallarda təsadüf edilir. Maraqlıdır ki, Plovdağın ətəklərində yerləşən arxeoloji abidələr kompleksi iki yaşayış yerini, kult təyinatlı tikintini və üç nekropolu özündə birləşdirir. 2020-ci ildə aparılan arxeoloji tədqiqatlar nəticəsində abidənin son əsrlərini işıqlandırmağa imkan verən tamamilə yeni tapıntılar əldə olunub.
“I Plovdağ nekropolunda indiyədək iki tip qəbir aşkarlanıb: birinci tip abidənin ən qədim dövrünə aid olan torpaq qəbirlərdir. İkinci tip kurqanaltı daş qutu qəbirlərdir ki, bunlar torpaq qəbirlərdən üst qatda yerləşir. Amma son tədqiqatlar daha bir qəbir tipinin qədimlərdə mövcud olduğunu göstərdi – küp qəbirlər”, – deyə xəbərdə qeyd edilir.
Plovdağ nekropolları
İnstitutun açıqlamasında Plovdağ nekropolları haqqında geniş məlumat da verilir. Bildirilir ki, nekropolun qəbirləri Gilan çay vadisində 2 min 500 – 2 min 800 il fasiləsiz yaşamış insanlar haqqında tam təsəvvür yaradır. Onların dəfn adətlərini, dini dünyagörüşlərini, sosial vəziyyətini, iqtisadi durumunu da öyrənməyə imkan verir.
Əsərin müəlliflərinin qeyd etdiyi kimi, 2020-ci ildə I Plovdağ yaşayış yeri və nekropolunda aparılmış arxeoloji tədqiqatların iki mühüm əhəmiyyəti olub:
1) Son Tunc dövrünə aid Plovdağ nekropolları ilə ətrafındakı Erkən Dəmir dövrünə aid nekropollar arasında mədəni varislik bir daha təsdiq olundu;
2) İlk dəfə olaraq Plovdağın Son Tunc-Erkən Dəmir dövrü təbəqəsində küp qəbir aşkar olundu.
Plovdağ və ətrafındakı yaşayış yerləri və nekropolların tədqiqi Naxçıvanın Son Tunc və Erkən Dəmir dövrünü hərtərəfli öyrənməyə imkan verir.
Əsərdə abidədən tapılmış maddi mədəniyyət nümunələrini, qazıntı sahələrinin görüntülərini əks etdirən illüstrasiyalar, qrafik təsvirlər və coğrafi-topoqrafik xəritələr də yer alıb. Əsərin ingilis və rus dillərində qısa məzmunu da kitabda əks olunub.
Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, elmi rəyçiləri isə tarix üzrə fəlsəfə doktorları Akif Quliyev və Emil İskəndərovdur.
Kitab arxeoloqlar, tarixçilər, ali məktəb tələbələri və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.