Son yeniləmə: 27 May 2021 20:19
Bayraqdar.info – Peşə təhsili müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin müddətsiz müqavilə ilə daimiləşməsi üzrə müsahibə mərhələsinə başlanılıb.
Bu barədə məlumat mayın 27-də Təhsil Nazirliyindən verilib.
İki gün davam edəcək müsahibədə 32 ümumtəhsil fənn müəllimi iştirak edir. Müsahibə komissiyasının tərkibi Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, peşə təhsili müəssisələrinin rəhbərləri, hər bir fənn üzrə mütəxəssis və psixoloqdan ibarətdir.
Müsahibələr onlayn formatda təşkil edilir.
Qeyd edilir ki, seçim zamanı komissiya tərəfindən iştirakçının ixtisas, pedaqoji və tədrislə bağlı bilik və bacarıqları qiymətləndiriləcək. Uğur qazanmış müəllimlərlə peşə təhsil müəssisələri tərəfindən müddətsiz əmək müqaviləsinin bağlanılması nəzərdə tutulur.