Son yeniləmə: 27 May 2021 12:03
Bayraqdar.info – İranın dövlət Radio-Televizya Şirkətinin rəsmi saytı Qərbi Azərbaycanın inzibati ərazi bölgüsünü təhrif edərək əyalətin Soyuqbulaq (Mahabad) mahalını ayrıca əyalət kimi qələmə verib.
Radio-Televizya Şirkətinin rəsmi saytının əyalətlər bölümündə “Mahabad” (Soyuqbulaq) ölkənin 33-cü əyaləti kimi göstərilib.
Uzun illərdir Qərbi Azərbaycanın kürdləşdirilməsi, adının kürdcə “Məkriyan”a dəyişdirilməsi və ya əyalətin Güney bölgəsinin onun inzibati ərazi bölgüsündən ayrılaraq Soyuqbulaq (Mahabad) mərkəzli “Şimali Kürdüstan” adında yeni əyalətin qurulması yönündə fəaliyyət aparılır.
Bununla bağlı silahlı kürd qruplaşmaları, radikal kürd milliyyətçi təşkilatları, İran parlamentində olan kürd millət vəkilləri və hökumətin dəstəklədiyi kürdlərə aid bir sıra “mədəni” qurumlar dəfələrlə məsələ qaldırıb, müraciətlər edib.
Güney Azərbaycan torpaqlarına qarşı bu iddia İranın millətçi və panfarsist cərəyanları, “ziyalı”ları tərəfindən də məmnuniyyətlə qarşılanıb. Bundan öncə İranın hazırkı prezidenti Həsən Ruhani dəfələrlə Qərbi Azərbaycan əyalətini “Urmiyə”, “Məkriyan” adlandırdığı üçün azərbaycanlıların etirazı ilə qarşılanıb.
5 yanvar 2014-cü ildə Soyuqbulağın İran parlamentindəki nümayəndəsi Osman Əhmədi, məsələ qaldıraraq “Mahabadın coğrafi xüsusiyyətləri, tarixi keçmişi və mənbələri səbəbindən ayrıca əyalət ola biləcəyini” söyləmişdi.
Soyuqbulaq təmsilçisinin “Mahabad mərkəzli Şimali Kürdüstan əyalətinin yaradılması” təklifi, Qərbi Azərbaycan nümayəndələri, əyalət mediası və əhalinin sərt reaksiyasına səbəb olduğu üçün, məsələ İran mətbuatında “İslami Məşvərət Məclisində mübahisəli təklif” başlığı altında yayınlanaraq geniş rezonans doğurmuşdu.
Urmu (Urmiya) şəhərindən İran parlamentinə seçilən Nadir Qazipur kürd təmsilçisinin təklifinə sərt reaksiya verərək “Qərbi Azərbaycanın bölünməsinə imkan verməyəcəyik” demişdi.
N.Qazipur yerli “Nedayi Urumiyə” xəbər saytına müsahibəsində “Şimali Kürdüstan əyalətinin yaradılması təklifi bu bölgədə kürd əhalisinin sayının az olduğuna görə absurd təklifdir” – deyə bildirmişdi.
Azərbaycanlı millət vəkili bu təklifin Soyuqbulaq və Bukan şəhərləri arasında olan rəqabətdən irəli gəldiyini, Qərbi Azərbaycanın başqa şəhərlərinin, o cümlədən Tikantəpə, Sayınqala, Qoşaçay və b. şəhərlərin əhalisinin belə mənasız ideyalara əhəmiyyət vermədiklərini, bunun reallaşmasına imkan verməyəcəklərini açıqlamışdı.
Bununla yanaşı Urmunun İran parlamentindəki başqa milət vəkili Cavad Cahangirzadə Osman Əhmədinin sözlərini “bölücü” olaraq xarakterizə etmiş və onun “müəyyən cərəyanların təsirinə məruz qaldığını” demişdi.
Qeyd edək ki, daha öncə – 1992-ci ildə bu ideya Ərdəbilin ayrıca əyalətə çevrilməsi vaxtında Bukan şəhərinin İran parlamentindəki təmsilçisi Əhməd Taha, daha sonra 2010-cu ildə yenə də Bukan şəhərinin parlamentdəki təmsilçisi Məhəmməd Qasım Osmani tərəfindən irəli sürülmüşdü.
Soyuqbulaq Qərbi Azərbaycan əyalətinin Cənubunda, Urmu şəhərindən 120 kilometr aralıda yerləşir. 2 min 591 kv. km. ərazisi olan mahalın əhalisinin sayı son statistikaya görə 250 min nəfərə yaxındır.
Soyuqbulaq 1945-ci ildə Azərbaycan Milli Hökumətinin icazəsi və yardımı ilə yaranmış şəraitə görə müvəqqəti olaraq kürd muxtar hökumətinin mərkəzi kimi tanınmışdı.
1979-cu il inqilabınn ilk illərində kürd silahlı qruplaşmalarının Sulduz və Soyuqbulağa hücum edərək burada “kürd muxtar hökuməti” qurmağa çalışmaları çox sayda insanın ölümünə səbəb olmuşdu.
C.E
Qaynaq: GünAz.TV