Press "Enter" to skip to content

İcbari sığorta müqaviləsi bağlanan işçilərin sayı artıb

Son yeniləmə: 27 May 2021 12:13

E-sistem üzərindən nəzarət nəticəsində

Bayraqdar.info – İşçilərlə icbari sığorta müqaviləsi bağlamadığı aşkar edilən 72 işəgötürən sığorta sisteminə cəlb edilib.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Keçən ilin son aylarından etibarən işəgötürənlərin işçilərlə icbari sığorta müqaviləsi bağlamalarına nəzarət “Əmək müqaviləsi bildirişləri” alt sistemi üzərindən həyata keçirilir. Bu sistem üzrə nəzarəti Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir.

Həmin müqavilə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasını nəzərdə tutur. Ötən dövrdə e-sistem üzərindən həyata keçirilən nəzarət zamanı 72 işə götürənin icbari sığorta müqaviləsi bağlamadığı və ya sığorta haqqını ödəmədiyi üçün müqavilələrinə birtərəfli qaydada xitam verildiyi aşkar edilib. Xidmətin qanunvericiliyin tələbləri əsasında gördüyü tədbirlər nəticəsində onların hər birinin işçilərlə icbari sığorta müqaviləsi bağlamaları təmin olunub.

Habelə, 156 işəgötürənin bu sahədə inzibati xəta hallarına yol verdikləri aşkarlanıb və onlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

İcbari Sığorta Bürosunun elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” alt sisteminə inteqrasiyası bu sahədə e-sistem üzərindən operativ və effektiv nəzarətin təmin olunmasına imkan verib. Bu isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanan işçilərin sayında artımla nəticələnir.

Mission News Theme by Compete Themes.