Bayraqdar.info – Azərbaycanda sağlam rəqabətin formalaşmasına böyük önəm verilir. Bu məsələlər ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.
Bu barədə “Haqsız rəqabət və onun formaları: mövcud durum və perspektivlər” mövzusunda keçirilən onlayn görüşdə bildirilib. Görüş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Dövlət Xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, 100-ə yaxın sahibkarın da iştirak etdiyi görüşdə bir sıra vacib məqamlara toxunulub. Bildirilib ki, sahibkarlığın azad və sağlam rəqabət şəraitində inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ölkənin inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi yükünün azaldılması, haqsız rəqabətlə mübarizə tədbirlərinin gücləndirilməsi kimi sistemli tədbirlər həyata keçirilir. Qeyd olunub ki, Azərbaycanda son illər rəqabətin qorunması, iqtisadiyyatın liberallaşdırılması və s. istiqamətlərdə həyata keçirilən köklü dəyişikliklər sağlam rəqabətə əsaslanan bazar iqtisadiyyatının formalaşmasında əhəmiyyətli rol oynayır.
Onlayn görüşdə iştirakçılara haqsız rəqabət və onun formaları, azad rəqabətin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Həmçinin, iştirakçılarla fikir mübadiləsi aparılıb.