Press "Enter" to skip to content

Azərbaycan öz vətəndaşlarını Suriya bataqlığından xilas etdi

Bayraqdar.info – Mayın 27-də Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 20 nəfər Azərbaycan vətəndaşının Vətənə repatriasiyası həyata keçirilib. Onlardan 6-sı qadın, 14-ü isə uşaqdır.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli tədbirlər nəticəsində baş tutub.

Əvvəlcə Vətənə repatriasiyası nəzərdə tutulan qadın və azyaşlı uşaqların yeri müəyyən edilib. Onların şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti dəqiqləşdirilib. Sonra İraq və Suriyadan repatriasiyaya məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib.

Türkiyənin müvafiq dövlət qurumları ilə aparılmış müştərək fəaliyyət nəticəsində cari ilin 25 may tarixində Suriyada olan sözügedən vətəndaşlarımızın Türkiyəyə sərhəd keçidi təmin edilib.

Türkiyəyə ezam edilmiş nümayəndə heyəti tərəfindən 26 may tarixində qadın və uşaqların ilkin tibbi və psixolojı müayinəsi keçirilib. Onlara zəruri yardım göstərilib. Bundan sonra ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən ölkəyə qayıtmaları üçün vətəndaşlarımıza “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri verilib. Onlar Azərbaycana uçuş biletləri ilə təmin edilib.

Bu gün isə Türkiyənin miqrasiya xidməti rəsmilərinin və Azərbaycan nümayəndə heyətinin müşayiətilə onların İstanbul-Bakı reysi ilə Azərbaycana repatriasiyası təmin edilib. Azərbaycan hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Bildirilir ki, repatriasiyanın həyata keçirilməsində Azərbaycanın aidiyyəti dövlət qurumları birgə və əlaqələndirilmiş fəaliyyət göstərib: “Bu prosesin reallaşmasında Türkiyə tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır. Azərbaycan Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir”.

Mission News Theme by Compete Themes.