Press "Enter" to skip to content

AXC ünvanlı təbriklər və İlham Əliyevin liderlik keyfiyyətləri

Son yeniləmə: 26 May 2021 21:41

Prezidentə ünvanlanan təbrik məktubları: Müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycanın uğurlarına verilən önəm

Bayraqdar.info – “Bu il Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 il keçir. Bu müddət ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar.

Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq.”

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydenin 28 May – Respublika Günü (Azərbaycan Xalq Cümhuriyyəti – AXC) münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda əksini tapan bu sözləri əslində, Qərbin ölkəmizə, həmçinin dövlət başçısının uğurlu fəaliyyətinə verilən dəyər kimi qiymətləndirmək olar. Ümumiyyətlə həm ABŞ Prezidentinin, həm də dünyanın digər aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin təbrik məktublarının ümumi qayəsini aşağıdakı məqamlar təşkil edir. Bu məktublarda əks olunan fikirlər ötən 30 il ərzində ölkəmizin keçdiyi yola da nəzər salmağa imkan verir.

Yəni, məktublarda Azərbaycanın dünyada nüfuzu, beynəlxalq münasibətlərdə önəmli rolu, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi, siyasi və iqtisadi potensialı kimi vacib məqamların vurğulanması təsadüfi deyil. Belə ki, ötən müddət ərzində müstəqil, heç bir xarici dövlət və beynəlxalq təşkilatdan asılı olmayan siyasət yürüdən Azərbaycan regionun aparıcı aktoruna çevrilib. Həyata keçirilən müvafiq dövlət proqramları, çoxşaxəli islahatlar ölkəmizdə bütün sahələrin inkişafına təkan verib.

Təbii ki, bu sırada son 18 ildə əldə edilən uğurları xüsusilə vurğulamaq yerinə düşər. Bəhs edilən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nüfuzu getdikcə artan Azərbaycan beynəlxalq münasibətlərdə önəmli rol oynayan, qlobal iqtisadi və humanitar layihələrdə liderlik keyfiyyətləri nümayiş etdirən bir ölkə kimi önə çıxıb.

Təbrik məktublarında da vurğulandığı kimi, ölkəmiz eyni zamanda Avropanın enerji şaxələndirilməsi və beynəlxalq miqyasda təhlükəsizliyin təmin olunması istiqamətində də öz sözünü deyib. Təbii ki, həm daxili, həm də xarici siyasətdə əldə edilən uğurlar sonda vahid qələbəmizin əldə edilməsində mühüm rol oynadı. Ötən il 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı düşmən işğalından azad etdi. Və bu Zəfərlə Azərbaycan regionda yeni reallıqlar yaratdı.

Məktublarda diqqət çəkən digər bir məqam da ölkəmizin daim qlobal miqyasda meydana çıxan aktual çağırışlara adekvat reaksiyası ilə bağlıdır. Bu baxımdan ölkəmizin, şəxsən Prezident İlham Əliyevin qlobal pandemiya şəraitində irəli sürdüyü bir sıra təşəbbüslər yuxarıda bəhs edilən məktublarda da bir daha xatırlanır. Azərbaycanın qlobal pandemiya şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsini hədəfləyən təşəbbüslərinin bütün dünyada böyük rəğbətlə qarşılandığı bir daha aydın olur.

Bir sözlə, sözügedən təbrik məktubları bu il müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycanın uğurlarına verilən önəm kimi dəyərləndirilməlir.

Mission News Theme by Compete Themes.