Bayraqdar.info – Mayın 26-da Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ), Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Bakı Nəqliyyat Agentliyi (BNA) birgə məlumat yayıb.
Məlumat Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar trekin keçdiyi yollarda nəzərdə tutulan nəqliyyatın hərəkəti ilə bağlıdır.
Bildirilir ki, 4-6 iyun tarixlərində mərkəzi küçə və prospektlərdə nəqliyyat axınının idarə olunması üçün vahid fəaliyyət planı hazırlanıb. Əhalinin ictimai nəqliyyata əlçatanlığının və sərnişindaşımalarda fasiləsizliyin təmin olunması əsas faktor olaraq müəyyən edilib.
Plana əsasən, trekin keçdiyi küçələrdə nəqliyyatın hərəkəti 31 may gecə saat 01:00-dan etibarən 8 iyun səhər saat 06:00-dək dayandırılacaq.
Həmçinin, yol hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yaşayan şəhər sakinlərinə əraziyə avtomobillə daxil olmaları üçün keçid vərəqləri təqdim olunur.
1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 59, 61, 65, 77, 88, 125, 127, 205, M2, M2A, M3 və M7 nömrəli avtobusların hərəkətində dəyişiklik ediləcək.
Məlumatda deyilir ki, piyadaların da rahat, maneəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər görülüb. Yarış həftəsi ərzində şəhər sakinləri trek ərazisində yerləşən yeraltı və yerüstü keçidlərdən istifadə edəcəklər. Bu keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət, Neftçilər prospekti ilə Rəşid Behbudov, Xaqani küçəsi ilə Rəşid Behbudov və Azadlıq prospekti ilə Xaqani küçələrinin kəsişmələrində yerləşir.
Bundan başqa, bu il Formula 1 yarışı tamaşaçısız keçirildiyi üçün dənizkənarı bulvar ərazisi bağlı olmayacaq. Şəhər sakinləri yarış həftəsinin bütün günlərində bu ərazidən gün boyu istifadə edə biləcəklər.
Hər üç qurum əhaliyə müraciət edərək müvəqqəti xarakter daşıyan dəyişiklikləri və məhdudiyyətləri anlayışla qəbul etmələrini xahiş edir. Ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməmək, daha çox ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Həmçinin, mayın 31-i səhər saat 06:00-dan Bakı Metropolitenində sərnişindaşımanın bərpa olunmasının da əhəmiyyəti qeyd edilib.