Son yeniləmə: 27 May 2021 18:43
Bayraqdar.info – Nazirlər Kabineti xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı Qərar qəbul edib.
Bu barədə bayraqdar.info-ya NK-dən xəbər verilib.
Qərarda deyilir ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejiminin müddəti 2021-ci il 01 avqust saat 06:00-dək uzadılır.
Bundan başqa, 31 may saat 06:00-dan açıq havada ictimai yerlərdə tibbi maskalardan istifadə edilməsi tələbi ləğv edilir. Həmin tarixdən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir. Ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları da bərpa edilir.
Həmçinin, qərarda bildirlir ki, 2021-ci il 10 iyun saat 00:00-dan aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir:
dini ibadət yerləri (ümumi sahənin 50 faizi və ümumi olaraq 50 nəfərdən çox olmamaqla);
iri ticarət mərkəzləri (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla);
idman və sağlamlıq-bərpa obyektləri (tibbi maska tələbi olmadan);
çimərliklər və onların ərazisində yerləşən hovuzlar, su attraksionları və idman oyunu yerləri.
Bundan başqa, yaşı 18-dən yuxarı olan şəxslər idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı olduqda istifadə edə bilərlər.
İyulun 1-dən COVID-19 pasportu və ya sertifikatı tələb edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizi belə pasportla təmin edilməlidir.
2021-ci ildə Bakı şəhərində keçiriləcək futbol üzrə Avropa çempionatının 4 oyununda məhdud sayda tamaşaçının iştirakına icazə verilir.
Bu qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Eyni zamanda o da bildirilir ki, Bakı Metropoliteni də avtobuslar kimi şənbə və bazar günləri işləməyəcək.
Qərar mayın 31-də saat 06:00-dan qüvvəyə minir.