Bayraqdar.info – Mayın 26-da Xarici İşlər naziri Ceyhun Bayramov və Nüvə Sınaqlarının Hərtərəfli Qadagan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Lassina Zerbo arasında görüş keçirilib. Bu barədə XİN-dən məlumat verilib.
Bildirilib ki, görüşdə Nüvə Sınaqlarının Hərtərəfli Qadagan edilməsi Müqaviləsi Təşkilatı ilə Azərbaycan arasındakı mövcud ümumi əməkdaşlığın səviyyəsindən razılıq bildirilərək, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Nazir həmçinin, 44 günlük Vətən müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verib. C.Bayramov Ermənistan tərəfindən müharibə zamanı heç bir fərq qoyulmadan istifadə edilən və proporsional olmayan müharibə metodlarına həmsöhbətinin diqqətini çəkib.
Ermənistan tərəfindən mülki obyektlərə raket hücumlarının həyata kecirildiyini qeyd edən nazir bu xüsusda fiziki sübutlarımızın mövcudluğuna istinad edib və aidiyyəti mexanizmlər ilə əməkdaşlıq imkanlarından faydalanıldığını bildirib.