Son yeniləmə: 26 May 2021 15:18
28 May – Respublika Günü ərəfəsində aparıcı dövlət başçıları tərəfindən Prezident İlham Əliyevin ünvanına göndərilən təbrik məktubları gəlməkdə davam edir.
Zahiri yanaşsaq, bu, bir etiket məsələsidir. Əlamətdar günlərdə dövlət başçıları qarşılıqlı təbriklər ünvanlayırlar.
İndi Azərbaycan üçün də əlamətdar gündür. 28 may tarixi Şərq dünyasında ilk dəfə demokratik cümhuriyyət qurmağı bacarmış xalqımız üçün fərəh təqvimidir. Əlavə olaraq, 2021-ci il Azərbaycanda müstəqil, suveren, demokratik cümhuriyyətin bərpa edilməsinin 30 illiyidir.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamənin, ardınca isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 1991-ci ildə qəbul edildiyini nəzərə alsaq, bu il yubiley tarixidir. Bu baxımdan Azərbaycanın dövlət başçısına təbrik məktublarının göndərilməsi təqvimə uyğun protokol tədbiri kimi də qarşılana bilər.
Amma məktubların mətni, xüsusi vurğulanan mesajlar deməyə əsas verir ki, Prezident İlham Əliyevə ünvanlanan təbriklər sıradan protokol tədbiri deyil.
Bu məktublarda həm də Azərbaycan Prezidentinə yönəlmiş xüsusi ismarıclar var.
Məsələn, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden öz məktubunun giriş hissəsini 28 May – Respublika Gününün əhəmiyyətini vurğulamaqla başlayır. Növbəti hissələrdə isə fərqli məqamları qabardır.
Burada müasir Azərbaycanın, həm də dövlət başçısı İlham Əliyevin dünyada nüfuzu, beynəlxalq münasibətlərdə önəmli rolu, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi, siyasi və iqtisadi potensialı qabardılır: “Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınmasını, Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri alqışlayır. Bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu da qətiyyətlə dəstəkləyirik. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq”.
C.Bayden öz məktubunda Azərbaycanın daha bir önəmli fəaliyyətini qeyd edir. Bu, koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın verdiyi töhfələrdən ibarətdir.
ABŞ-la yanaşı digər bir qlobal güc mərkəzi – Avropa İttifaqının liderlərindən olan Almaniya Federativ Respublikası Prezidentinin məktubu da maraqlıdır. Frank-Valter Ştaynmayer də öz məktubuna 28 May – Respublika Günü təbrikiylə başlayır. Amma ikinci hissədə o da Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin fəaliyyətinin dəyərləndirilməsi ilə davam edir: “Biz son 29 ildə hökumətlərimiz və xalqlarımız arasında münasibətlərimizi daim genişləndirmiş və inkişaf etdirmişik. Ümid edirəm ki, biz qarşılıqlı anlaşmanı və etimadı daha da gücləndirməyə nail olacağıq. Bizi, həmçinin dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir”.
ABŞ və Almaniya siyasi, iqtisadi və hərbi maraqlar baxımından eyni qütbdə təmsil olunur. Əks qütbdə isə Çin Xalq Respublikası kimi Asiya və dünya nəhəngi dayanır. Maraqlıdır ki, Çin Xalq Respublikası da Azərbaycana eyni gözlə baxır. Respublikanın Sədri Si Cinpinin Prezident İlham Əliyevə ünladığı məktub bu baxımdan diqqət çəkir: “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə olunub. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm, əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram”.
Siyasi baxımdan dünyanın müxtəlif qütblərində təmsil olunan aparıcı dövlət başçılarının Prezident İlham Əliyevə ünvanladıqları təbrik məktubları mesajlarla zəngindir. Bu mesajların hər biri Azərbaycanın qlobal proseslərdə uğurlu rolunu ehtiva edir, dövlətimizlə əməkdaşlığa hədsiz marağı göstərir. Deməli, yürüdülən siyasət doğrudur.
Davamlı olsun!