Press "Enter" to skip to content

İşğaldan azad edilmiş Ağdama yeni yol çəkilir

Bayraqdar.info – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bərdə-Ağdam avtomobil yolunun tikintisinə başlayıb.

Bu barədə qurumdan xəbər verilib.

Məlumatda deyilir ki, Prezidentin tapşırığı əsasında, erməni işğalından azad edilmiş ərazilərdə yol infrastrukturnun qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Bu layihələrdən biri də Bərdə-Ağdam avtomobil yoludur.

Başlanğıcını Bərdə şəhərindən götürən yolun uzunluğu 44.5 kilometr təşkil edəcək.

Yol 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Artıq yolun 14-21 və 35-41-ci km-lik kəsimlərində tikinti işlərinə başlanılıb.

Tikintini Agentliyə məxsus “54 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.

Hazırda yolun torpaq işləri görülür.

Yolun 14 km-lik hissəsi Bərdə şəhəri və bir neçə yaşayış məntəqəsinin daxilindən keçir.

Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi planlaşdırılır. Həmçinin, zəruri olan yerlərdə 5 yeraltı keçid, o cümlədən 2 yeni avtomobil körpüsünün və 1 yol ötürücünün inşası həyata keçiriləcək.

Körpülərin biri 1 aşırımlı olmaqla uzunluğu 18,2 metr, biri 3 aşırımlı olmaqla uzunluğu 91.3 metr təşkil edəcək.

Həmçinin, uzunluğu 32,2 metr olan yol ötürücünün inşası da nəzərdə tutulub.

Uzunluğu 32,2 m olan digər 3 aşırımlı körpünün inşası isə hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılır.

Bundan başqa 8 nöqtədə geri dönmə hissələri təşkil ediləcək. 24 yerdə avtobus dayanacaqları inşa ediləcək.

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilir. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi qurulur. Həmçinin, işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər də tikilir.

Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Mission News Theme by Compete Themes.