Press "Enter" to skip to content

Görkəmli Azərbaycan ziyalısının Təbrizdəki heykəli sökülüb

Son yeniləmə: 26 May 2021 09:02

Bayraqdar.info – Təbrizdə Güney Azərbaycanın görkəmli tarixi şəxsiyyətllərindən olan Mirzə Məhəmmədəli Mirzə Sadıq oğlu Tərbiyətin heykəli götürülüb. Bu barədə yerli mətbuat yazır.

Təbriz mediasının yazdığına görə, şəhərin mərkəzi və ən qədim küçələrindən olan “Tərbiyət”də yüksələn Məhəmmədəli Tərbiyətin heykəli gecə vaxtı, gizli şəkildə bələdiyyə məmurları tərəfindən sökülüb.

Abidə bələdiyyənin anbarına aparılıb.

Bundan öncə “Musiqili piano” qurğusunun, “Aşıq” heykəlinin söküldüyünü vurğulayan Təbriz mediası milli dəyərlərə laqeyd münasibətə görə yerli məsulları qınayıb.

“Rəsmilər “Musiqili Piano” qurğusunun sökülməsini şəri məsələlərlə əsaslandırdılar. Məhəmmədəli Xan Tərbiyətin heykəli niyə söküldü?” – deyə yerli media yazıb.

Qeyd edək ki, Məhəmmədəli Tərbiyət 1887-ci il mayın 26-da Təbriz şəhərində anadan olub.

O, Təbrizdə “Tərbiyət” adında ilk yeni tipli kitabxana və mədrəsə açıb. Daha sonra Təbrizdə Avropa tipli ilk əczaxana və “Gəncineyi-fünun” (“Bilik xəzinəsi”) adlı jurnal təsis edib.

Məhəmmədəli Tərbiyət fransız, ərəb, fars və ingilis dillərini mükəmməl şəkildə bilib və 1927-29-cu illərdə Təbriz şəhərinin bələdiyyə başçısı olub.

O, elmi, jurnalist fəaliyyətləri ilə yanaşı Güney Azərbaycanın müasir tarixinin ən tanınmış aydın və siyasi şəxsiyyətlərindən biri kimi tanınır. Məşrutə hərəkatında əhəmiyyətli rolu olan M.Tərbiyət eyni zamanda Təbriz şəhərini İran parlamentində təmsil edib.

M.Tərbiyətin çox sayda elmi-publisistik əsəri olsa da ona ən çox şöhrət gətirən 1935-ci ildə tamamladığı “Danişməndani Azərbaycan” əsəri olub.

Bu əsərdə qədim dövrdən XX yüzilliyin 30-cu illərinədək yazıb yaratmış azərbaycanlı şair, yazıçı, nəqqaş, rəssam, xəttat, musiqici, jurnalist, alim haqqında bilgi toplanıb.

Azərbaycan ədəbiyyatı və mədəniyyəti haqqında olduqca dəyərli qaynaq olan “Danişməndani Azərbaycan” (“Görkəmli elm və sənət adamları”) kitabı ədibin ana dilinə çevrilərək 1987-ci ildə Bakıda da nəşr edilib.

C.E

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.