Press "Enter" to skip to content

Ermənistanın müharibə cinayətləri növbəti dəfə Meksika mediasında

Bayraqdar.info – Ermənistanın müharibə cinayətləri, həmçinin ölkəmizin Vətən müharibəsindən sonra gördüyü işlər barədə Meksika ictimiayyətinin məlumatlandırılması davam edir. Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun Meksikanın çoxmilyonlu dinləyici auditoriyasına malik “Enfoque Noticias” radio kanalındakı müsahibəsi də bu konteksdə atılmış növbəti addımdır.

Bu barədə bayraqdar.info-ya Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Səfirin tanınmış jurnalist, CNN ispancanın aparıcısı Mario Gonsalesə müsahibəsində 1991-94-cü illərdə Azərbaycan ərazisinin beşdə birinin Ermənistan tərəfindən işğal edilməsi və törədilən cinayətlər barədə ətraflı məlumat verilib. Ötən ilin sentyabr ayında Ermənistan tərəfinin növbəti təxribatı nəticəsində münaqişənin yenidən eskalasiya mərhələsinə keçdiyi, aparılan hərbi əməliyyatların yekununda işğalda olan ərazilərimizin azad edildiyi bildirilib. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının tələblərinə görə, Ermənistan ordusunun Azərbayanın qalan ərazilərindən çıxarıldığı qeyd edilib.

Müsahibədə hazırda Azərbaycanın başlıca hədəfinin məcburi köçkünlərin evlərinə qayıtmasına şərait yaradılması olduğu deyilib. 30 ilə yaxın işğal dövründə şəhər və qəsəbələrimizin tamamilə dağıdıldığı bildirilib. Bu səbəbdən həmin ərazilərdə bərpa-quruculuq işlərinin görülməsi üçün ölkəmiz tərəfindən iri həcmli sərmayə qoyuluşu həyata keçirildiyi söylənilib.

Azərbaycanlı məcburi köçkünlərin geri qayıdışı və bölgənin yenidən qurulmasını ləngidən digər bir faktorun bu ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə minalanması olduğu deyilib. Hərbi əməliyyatların başa çatmasına baxmayaraq bu partlayıcı qurğuların hələ də mülkü vətəndaşlar və hərbçilərimiz arasında çoxsaylı itkilərə yol açdığı bildirilib. Səfir Ermənistan tərəfinin beynəlxalq humanitar hüquqa zidd olaraq həmin minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyini deyib.

Ermənistanın cinayətləri barədə ayrıntılı məlumatın verildiyi müsahibədə səfir işğalçı ölkənin bundan sonra atmalı olduğu addım barədə də danışıb. Regionda davamlı sülhün təmin edilməsi üçün Ermənistanın ərazi iddialarından əl çəkib Azərbaycanın ərazi bütövlüyünü tanımalı və xalqını barışığa hazırlamalı olduğu bildirilib. Bu barışığın Ermənistana regional əməkdaşlıq formatlarına qoşulmağa imkan yarada biləcəyi söylənilib.

Müsahibə adıçəkilən radio kanalının çoxsaylı izləyicisi olan sosial şəbəkə ünvanlarında da yayımlanıb.

Mission News Theme by Compete Themes.