Press "Enter" to skip to content

Bakı Atatürk Liseyini bitirənlər Türkiyədə pulsuz oxuyacaq

Son yeniləmə: 26 May 2021 17:29

Bu ildən etibarən liseyin Türkiyə universitetlərinə qəbul olunan məzunları Türkiyə dövləti hesabına təhsil alacaq

Bayraqdar.info – Gələn il quruluşunun 30-cu ildönümünü qeyd edəcək Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi ötən müddət ərzində uğurlu fəaliyyəti ilə fərqlənib. Bu vaxta kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələn Lisey milli düşüncəli, ölkəsinə, xalqına, türk dünyasına yararlı gəncləri yetişdirməyə davam edir.

Liseydən də bildirildiyi kimi, şagirdləri müasir dünyanın tələblərinə cavab verən, savadlı, həmçinin, azərbaycançılıq ruhunda yetişdirmək üçün davamlı addımlar atılır. Ötən müddət ərzində müxtəlif uğurlar qazanan lisey bu yaxınlarda daha bir sevincli xəbər alıb: bu ildən etibarən liseyin Türkiyə universitetlərinə qəbul olunan məzunları Türkiyə dövləti hesabına təhsil alacaq.

Bu barədə bayraqdar.info-ya Liseydən məlumat verilib.

Məlumatda deyilir ki, bu ilin martında Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı (YTB) tərəfindən müvafiq qərar qəbul edilib. Həmin qərara əsasən, xarici ölkələrdə fəaliyyət göstərən və güzəşt tətbiq edilən orta məktəblərin siyahısına Bakı Atatürk Liseyinin də adı daxil edilib. Artıq bu barədə Türkiyə Cümhuriyyəti Yükseköğretim Kurulu Başqanlığından Liseyə müvafiq məktub da göndərilib.

Məlumat üçün bildirək ki, bu sıyahıda adı olan məktəblərin məzunları Türkiyə universitetlərinə imtahan zamanı uğur qazanacaqları halda, onların təhsil xərci Türkiyə dövləti, daha dəqiq desək YTB tərəfindən qarşılanır.

Mission News Theme by Compete Themes.