Son yeniləmə: 26 May 2021 10:25
Bayraqdar.info – Milli Məclis sədrinin müavini Adil Əliyev və deputat İltizam Yusifov mayın 26-dan 30-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.
Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, deputatlar IX Neva Beynəlxalq Ekoloji Konqresində iştirak edəcəklər.
Ekoloji Konqres “Planetin ekologiyası – davamlı inkişaf” mövzusunda keçiriləcək. Plenar iclası Rusiya Federal Məclisi Federasiya Şurasının sədri, Neva Beynəlxalq Ekoloji Konqresi Təşkilat Komitəsinin həmsədri Valentina Matviyenko açacaq.
Tədbirdə Rusiya Baş nazirinin müavini, qurumun həmsədri Viktoriya Abramçenko, Adil Əliyev, MDB üzv dövlətlərinin deputatları və regional dövlət orqanlarının rəhbərləri çıxış edəcəklər.
“Konqresdə meşə resurslarının idarə olunması, yaşıl enerji, qapalı dövrə iqtisadiyyatı, ekoloji təhlükəsizlik, təbii ehtiyatlardan səmərəli istifadə məsələləri müzakirə ediləcək. Həmçinin, Arktikanın ekoloji problemləri, ekoloji təhsil və turizm məsələlərinə həsr olunmuş dəyirmi masalar keçiriləcək”, – deyə məlumatda bildirilir.
Tədbirdə “Ekologiya və ətraf mühitin mühafizəsi sahəsində milli strategiyalar və layihələr: təcrübə mübadiləsi” mövzusunda deputat İltizam Yusifovun çıxışı nəzərdə tutulub.