Press "Enter" to skip to content

ABŞ Prezidentinin Azərbaycan Prezidentinə təbrik məktubu – TƏHLİL

Son yeniləmə: 26 May 2021 09:54

Bayraqdar.info – Mayın 28-də tamam olacaq Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi münasibətilə Prezident İlham Əliyevin ünvanına çoxsaylı təbriklər gəlməyə davam edir. Bu da təbiidir. Çünki istər Prezidentin özü, istərsə də Azərbaycan dövləti qlobal müstəvidə özünün sözü və çəkisi ilə seçilir. O baxımdan dünya dövlətlərinin diqqət kəsilməsi gözlənilməz deyil.

Biz, çoxsaylı təbriklərin hamısını dəyərləndiririk. Lakin düşündük ki, onlardan birinin üzərində xüsusi dayanaq. Bu, ABŞ Prezidenti Cozef Baydenin təbrikidir. Bu seçimimiz də təsadüfi deyil. Çünki Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsindən sonra dünyanın bir nömrəli superdövlətinin təbriki bəhanə edərək Azərbaycana həm də nələri deməsi baxımından önəmlidir bu məktub.

Qısa, lakin dolğun məzmunlu məktub

Girişdəki xoş diləklər – təbrik sözündən sonra ABŞ Prezidenti Azərbaycanın yenidən müstəqilliyini elan etməsinin bu il tamam olacaq 30 illiyinə diqqət çəkir. Bunun ardınca da qeyd edir ki, “bu müddət ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıb”.

ABŞ Prezidentinin ayrıca qeyd etməyə zərurət duyduğu bu məsələlərin təsadüfi seçilmədiyini deyə bilərik. Superdövlətin Prezidenti bu sözlərlə qeyd olunan məsələlərdə Azərbaycanla tərəfdaşlığa xüsusi vurğu vurmaqla göstərmək istəyir ki, təbrikin ünvanı həmin məsələlərdə yetərincə layiqli davranış sərgiləyib.

Daha sonra Cənub Qaz Dəhlizinin işə salınması və ölkəmizin Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələrə diqqət çəkən C.Bayden bununla təkrardan Azərbaycanın önəmini vurğulamış olur. Nəzərə alsaq ki, əsas enerji təchizatçısı olan Rusiya ilə Avropa dövlətləri arasındakı münasibətlərin gərginliyi Qərbin əsas baş ağrılarından biridir, bu məsələnin burada qabardılması ABŞ-ın əlavə etimadı kimi dəyərləndirilə bilər.

Onu da əlavə edək ki, C.Bayden Xəzərdəki ortaq yatağın Türkmənistanla birgə işlənməsini də əlavə vurğulayır və ona dəstək ifadə edir. Bu, olduqca önəmli məqamdır.

NATO ilə işbirliyi təqdir edilir

Ən önəmli – diqqətçəkən məqamlardan biri də Azərbaycanın NATO ilə işbirliyi məsələsidir. Prezident C.Bayden bu yöndə özəlliklə Əfqanıstandakı sülhyaratma prosesinə Azərbaycanın verdiyi 20 illik dəstəyin altını cızır.

C.Bayden eyni zamanda ATƏT Minsk Qrupunun həmsədr ölkəsi kimi Ermənistanla münasibətlərin bundan sonrakı siyasi həllinə kömək etmək istəklərinə sadiq qalacaqlarını vurğulayır. Bu isə o deməkdir ki, dünyanın bu superdövləti Ermənistanın hərbi ritorikasını qəbul etmir, Azərbaycanın tutduğu dinc anlaşma yolunu təqdir edir.

Diqqət çəkən məqamlardan ən önəmlisi isə odur ki, ABŞ Prezidenti bu məktubunda insan hüquq və azadlıqları məsələsinə səthi yanaşmaqla yetinir. Halbuki biz həmişə bu ölkənin bu məsələlərdə çox sərt, bəzən də həddini aşan açıqlamalarının şahidi olmuşuq. İndi isə səthi və yumşaq yanaşma daha qabarıq hiss olunur. Bu isə o deməkdir ki, ABŞ bundan sonrakı mərhələdə Azərbaycanla daha çox əməkdaşlığa və qarşılıqlı anlaşmaya meyllidir, nəinki qarşıdurmaya.

ABŞ Prezidentinin məktubunun təhlili onu deməyə əsas verir ki, hətta ermənipərəst mövqeyi ilə seçilən C.Bayden də Azərbaycanla hesablaşmağın ən doğru yol olduğunu qəbullanmışdır. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin xarici siyasətdəki doğru strategiyası növbəti dəfə öz bəhrəsini verir.

Mission News Theme by Compete Themes.