Press "Enter" to skip to content

Yumşalmalar arxayınlaşmaya səbəb olmamalıdır – DEPUTAT

İlham Məmmədov: Hamı təhlükəsizlik tədbirlərinə riayəti davam etdirməli, vətəndaş məsuliyyəti daha güclü olmalı, hər kəs ümumi işə öz töhfəsini verməlidi

Bayraqdar.info – “Məlum olduğu kimi hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə davam etdirilir. Ümumiyyətlə, bu infeksiyanın qeydə alındığı dövrdən etibarən onun geniş yayılmaması üçün bir çox ölkələrdə, o cümlədən Azərbaycanda davamlı tədbirlər görülüb.”

Bunu bayraqdar.info-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov bildirib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində toxunulan məsələlərə münasibət bildirən deputat yumşalmalara gedilməsinin təbii olduğunu deyib: “Bildiyiniz kimi Azərbaycan dövləti ötən müddət ərzində vəziyyəti tam nəzarətə götürdü. Ölkəmizdə infeksiya ilə mübarizə sahəsində sistemli işlər aparıldı. İnsanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi və s. məsələlər uğurla gerçəkləşdirildi. Bütün bunlarla bərabər, postpandemiya dövrü ilə bağlı da önəmli qərarlar qəbul edildi”.

İ.Məmmədovun sözlərinə görə, yumşalmaların bir səbəbi də ölkəmizdə aparılan vaksinasiyadır: “Qeyd edim ki, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə başlayan ölkə məhz Azərbaycan oldu. Müqayisə üçün deyə bilərik ki, bu gün dünyada elə dövlətlər var ki, hələ də vaksin ala bilməyiblər. Lakin Azərbaycan Avropa İttifaqından 1 ay sonra vaksinasiya işlərinə başladı. Bu, bir daha dövlətin vətəndaşlarının sağlamlığına və təhlükəsizliyinə verdiyi yüksək önəmi nümayiş etdirir. Vurğulamaq yerinə düşər ki, ölkədə vaksin ehtiyatları kifayət həcmdə toplanıb və geniş vaksin seçimi imkanları yaradılıb. Yəni, ÜST tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır. Beləliklə, görülən tədbirlərin effektivliyi, Azərbaycanın qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlaması ölkədə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaratdı”.

Bütün bunlarla yanaşı deputat əlavə edib ki, yumşalmalar arxayınlaşmaya səbəb olmamalıdır: “Unutmayaq ki, dünyanın bir sıra ölkələrində hələ də tam qapanma şəraiti davam edir, açılım tədbirlərinə getmək mümkün olmur. Digər tərəfdən, ölkəmizdə yoluxmaların sayı azalsa da, ölüm sayı bir qədər yüksəkdir. Beləliklə, bütün bunları nəzərə alaraq, qətiyyən arxayınlaşmamalı, ehtiyatlı olmalıyıq. Dövlətin gördüyü işlərlə yanaşı hər bir vətəndaş da bu məsələdə fəal olmalıdır. Yoluxma sayının artmaması üçün tibbi maskadan istifadə etmək, sosial məsafəni gözləmək, vaksinasiyada yaxından iştirak etmək, gigiyena qaydalarına əməl etmək vacibdir. Bir sözlə, metronun, ibadət yerlərinin, iri ticarət mərkəzlərinin açılması, açıq məkanlarda maska məcburiyyətinin götürülməsi o anlama gəlməməlidir ki, pandemiya başa çatıb. Hamı təhlükəsizlik tədbirlərinə riayəti davam etdirməli, vətəndaş məsuliyyəti daha güclü olmalı, hər kəs ümumi işə öz töhfəsini verməlidir”.

Mission News Theme by Compete Themes.