Press "Enter" to skip to content

Xalq artisti Həmidə Ömərova AKİ-nin katibi seçilib

Bayraqdar.info – Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin üzvü, Xalq artisti Həmidə Ömərova qurumun katibi seçilib.

AKİ-dən bildirilib ki, AKİ-nin təşəbbüsü ilə “Tədris Kinoaktyor Teatrı” yaradılıb.

“İttifaq bu işi Həmidə xanımın sədr olduğu Kinoaktyorlar Gildiyası ilə birlikdə reallaşdırmaq niyyətindədir”, – deyə məlumatda bildirilib.

Qeyd edilib ki, “Tədris Kinoaktyor Teatrı” layihəsinin əsas məqsədi aktyorların peşəkarlıq səviyyəsini artırmaqdır. Eyni zamanda, layihə yeni nəsil aktyorların işsizlik problemlərini aradan qaldırmağa da yardım edəcək.

Xatırladaq ki, Xalq artisti Həmidə Ömərova Azərbaycanın məşhur kino və teatr aktrisasıdır. Müxtəlif illərdə televiziya aparıcısı kimi də fəaliyyət göstərib. Onun aparıcısı olsuğu “Retro” kinozalı verilişi yəqin ki, çoxlarının yadındadır.

Açıq mənbələrdə verilən məlumata görə, H.Ömərova 2005-ci ildən Xalq artisti, 2006-cı ildən Prezident təqaüdçüsüdür.

2010-cu ildə Cəfər Cabbarlı mükafatı, 2021-ci ildə isə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edilib.

Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edən Həmidə xanım “Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895–1945-ci illər”, “Amerika kino tarixi” kitablarını qələmə alıb.

Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq kafedrasına rəhbərlik edir. Dosentdir.

Mission News Theme by Compete Themes.