Son yeniləmə: 25 May 2021 10:35
Bayraqdar.info – Mayın 24-də Bakının Bayıl Bulvarı ərazisində “Velosiped sür, sağlam ol” şüarı altında veloyürüş keçirilib. Veloyürüş BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsinin yekunlarına həsr edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Xəbərdə deyilir ki, veloyürüş BMT, BNA və ÜST-ün təşkilatçılığı ilə baş tutub. Veloyürüşdə BNA rəhbəri Vüsal Kərimli, BMT-nin ölkədəki Rezident Əlaqələndiricisi Qulam İshaqzai, diplomatik korpusun nümayəndələri və müxtəlif təşkilatların könüllüləri iştirak edib.
Yürüşün əsas məqsədi insanlar arasında davamlı və ekoloji təmiz nəqliyyat növlərindən istifadə və piyada gəzintini təbliğ etməkdir. Bunun nəticəsində atmosferə atılan tullantılar azalacaq.
BNA-dan o da qeyd edilib ki, pandemiya dövründə bir sıra ölkələrdə velosiped əsas nəqliyyat vasitəsinə çevrilib. Mövcud avtomobil yolları daraldılaraq velosipedçilərin ixtiyarına verilib. Bununla da açıq havada sosial məsafə gözləməklə velosipedlə səyahət yoluxma riskinin azalmasına gətirib çıxarıb.