Bayraqdar.info – Mayın 25-də Azərbaycan Turizm Bürosu və Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) tərəfindən vebinar təşkil edilib.
Azərbaycan Turizm Bürosundan bayraqdar.info-ya verilən məlumata görə, vebinarda türk səyahət şirkətləri UEFA AVRO 2020 ilə bağlı məlumatlandırılıb. İştirakçılara A qrupu oyunlarının və 1/4 final mərhələsinin keçiriləcəyi Bakı Olimpiya Stadionuna giriş və müxtəlif PCR test məntəqələri haqqında məlumat verilib.
Vebinarda Azərbaycanda cari vəziyyət, pandemiya dövründə Azərbaycana səfər etməklə və ölkədən çıxışla bağlı şərtlər haqqında informasiyalar təqdim olunub.
Türkiyə səyahət sektorunu təmsil edən 53-dən çox şirkətin qatıldığı vebinarda Azərbaycan Turizm Bürosu, Bakı Turizm İnformasiya Mərkəzi, Türk Hava Yolları, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) nümayəndələri və 4 turizm şirkəti iştirak edib.
İnteraktiv formada keçirilən vebinarda Azərbaycan nümayəndələri iştirakçıların suallarını cavablandıraraq Turkiyənin səyahət agentlərinə müxtəlif səyahət paketlərini təqdim ediblər.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda 12 iyunda Uels–İsveçrə, 16 iyunda Türkiyə-Uels, 20 iyunda Türkiyə-İsveçrə oyunları, 3 iyulda isə 1/4 final qarşılaşması keçiriləcək.
Oyunlarla əlaqədar Azərbaycana İsveçrə, Uels və Türkiyədən futbol azarkeşlərinin də gəlişi gözlənilir.