Press "Enter" to skip to content

Tacirlərin fəaliyyətinin genişlənməsi üçün əlverişli şərait

Bayraqdar.info – “Dövlət başçısı sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərir, biznesin inkişafı daim dövlət tərəfindən dəstəklənir. Bu baxımdan, ticarətlə məşğul olan sahibkarların fəaliyyətinin genişlənməsi üçün də əlverişli şərait yaradılıb. Ticarət sahəsində fəaliyyət göstərən sahibkarlar koronavirus pandemiyasının mənfi təsirlərinin azaldılması, biznesin dəstəklənməsi, iş yerlərinin qorunub saxlanması məqsədilə dövlət tərəfindən göstərilən dəstək tədbirlərindən yararlanıblar.”

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov ticarət şəbəkələrinin rəhbərləri ilə görüşdə deyib.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, görüş İqtisadiyyat Nazirliyinin dəstəyi və müvafiq qurumlarının məsul şəxslərinin iştirakı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilib.

Diqqətə çatdırılıb ki, aparılan islahatlar, liberallaşdırma, formalaşmış bazar iqtisadiyyatı digər sahələrlə yanaşı ticarətin də inkişafı üçün əlverişli şərait yaradıb. Pərakəndə ticarət sferası, bazarın həcmi son illər ərzində daha da genişlənib. Bu sahənin inkişafında ticarət şəbəkələri xüsusi rola malikdir. Ticarət şəbəkələri bazarı mal və xidmətlərlə təchiz edərək əhalinin istehlak mallarına tələbatını ödəyir. Ticarət şəbəkələri pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq fəaliyyətlərində dayanıqlılığı, təchizat zəncirinin davamlılığını, istehlakçıların tələblərinin tam və dolğun ödənilməsini təmin edib.

İqtisadiyyat naziri əmək münasibətlərinin leqallaşdırılmasına, satış əməliyyatlarına ictimai nəzarətin gücləndirilməsinə istiqamətlənmiş tədbirlər, vergi qanunvericiliyində ticarət və s. barədə məlumat verib. Görüşün əsas məqsədinin ticarət şəbəkələrinin qarşılaşdığı çətinliklərin öyrənilməsi və həlli istiqamətində tədbirlərin müəyyənləşdirilməsi olduğunu qeyd edib. M.Cabbarov görüş iştirakçılarını fəal müzakirələrə, açıq dialoqa dəvət edib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov görüşün dövlət-biznes dialoqu çərçivəsində həyata keçirilən tədbirlərin davamı olduğunu bildirib. O, sektorda mövcud vəziyyətin və sahibkarların gözləntilərinin öyrənilməsi, bu sahədə atılacaq addımların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

Həmçinin iri ticarət şəbəkələri və KOB-lar arasında münasibətlər, müvafiq sahənin tənzimlənməsi istiqamətində görüləcək işlər barədə məlumat verilib.

“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədri Samir Abdullayev ticarət şəbəkələrinin işinin istehlakçı məmnunluğunun yüksəldilməsinə uyğun qurulması barədə fikirlərini bölüşüb.

Ticarət şəbəkələrinin rəhbərləri qarşılaşdıqları məsələlər barədə danışıb, pərakəndə ticarətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində təkliflərini səsləndiriblər.

Görüşdə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.