Bayraqdar.info – Milli Məclisin plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
İclasda MM sədrinin birinci müavini, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli, bir sıra əlaqədar qurumların təmsilçiləri iştirak edib.
Məlumatı MM-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi yayıb.
Bayraqdar.info-nun xəbərinə görə, yeni qanun layihəsi 15 maddədən ibarətdir. Sənədə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır.
Parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini tənzimləyəcək. Bunlar aşağıdakılardır:
1. Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləmə;
2. abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliği;
3. ətraf mühitin mühafizəsi;
4. Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyəti;
5. nəqliyyatın təşkili;
6. mənzil fondunun idarə edilməsi;
7. sahibkarlıq, reklam, turizm və digər fəaliyyətlər;
8. Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi və digər bir sıra mühüm məsələlər.
Sonra Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Rəşad İsmayılov və digərləri rəy və təkliflərini deputatların nəzərinə çatdırıblar.