Onlar iki ölkə arasında sərhədlərin müəyyən edilməsindən niyə narahatdırlar?
Ermənistan Xarici İşlər naziri vəzifəsini icra edən Ara Ayvazyan dünən – mayın 24-də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Ermənistandakı səfirlərini qəbul edib. Ermənistan mediası məlumat yayıb ki, fövqəladə görüşün məqsədi regionda sülh və təhlükəsizlik məsələlərini geniş formatda müzakirə etmək olub. Əsas vurğu isə “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhədindəki fəaliyyəti”nin üzərində cəmləşib.
“News.am” A.Ayvazyanın görüşdəki nitqinə istinadən bildirir ki, “Ermənistan məsələni siyasi-diplomatik yollarla həll etməyə, sülhün bərqərar olması üçün addımlar atmağa hazırdır”. Ardınca da vurğulayır ki, “Azərbaycan silahlı qüvvələri Ermənistan sərhədində olduqları ərazilərdən geri çəkilməlidirlər”.
Belə anlaşılır ki, Ermənistan siyasətçilərinin ya sülh sazişlərinin mahiyyəti barədə anlayışları yoxdur, ya da vəziyyəti bilərəkdən düyünə salırlar. Ölkələr arasında sülhə nail olunmasının beynəlxalq təcrübədə qəbul edilmiş variantları vardır. Adətən bu proses ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası ilə başlanılır, daha sonra ölkələr arasında kommunikasiyaların açılması, siyasi, iqtisadi, humanitar əlaqələrin qurulması ilə inkişaf etdirilir.
Bu kontekstdə yanaşsaq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün baza qurulub. Bu, Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistan Baş nazirinin birgə imzaladıqları 10 noyabr 2020-ci il bəyanatıdır.
Azərbaycan 10 noyabr bəyanatının şərtlərinə sadiqdir, onu mərhələlərlə inkişaf etdirir. İndiki mərhələdə iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsində təkid edir, silahlı birləşmələrimiz də bu məqsədlə sərhəddə cəmləşdirlib.
Ermənistanın işğalçı siyasəti, ərazilərimizin 20 faizini işğal etməsi səbəbindən 30 il ərzində iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi mümkün olmayıb. İşğal faktının aradan qaldırılmasından sonra isə sərhədlərin delimitasiyası istiqamətində tədbirlərə başlanılması zərurəti yaranıb. Azərbaycan tərəfi sərhədlərin SSRİ dövründə respublikaların ərazilərini müəyyən edən xəritələr əsasında həyata keçirilməsi təklifini irəli sürüb.
Ermənistanı narahat edən nədir?
Bəs Ermənistan nə təklif edir? Əgər A.Ayvazyanın elan etdiyi kimi, “məsələni siyasi-diplomatik yollarla həll etməyə, sülhün bərqərar olması üçün addımlar atmağa hazırdırlarsa”, nə üçün sərhədlərin müəyyənləşdirilməsinə qarşı çıxırlar?
Delimitasiya sülh müqaviləsinin, dövlət sərhədinin müəyyən edilməsinin tərkib hissəsidir. Əgər sərhədlər müəyyən edilməyəcəksə, onda sülh sazişi necə imzalanacaq, onun predmeti nə olacaq? Bu prosesin tamamlanması təkcə Ermənistan və Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqaz regionu üçün zəruridir. Sülh və əməkdaşlıq mühitinin formalaşması ümumqafqaz ideyasının reallaşmasını şərtləndirə bilər.
Bu baxımdan ATƏT də, onun Minsk Qrupu da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyasına öz dəstəklərini verməlidirlər. Minsk Qrupunun həmsədr ölkələrinin Ermənistandakı səfirlərininin A.Ayvazyanla görüşdə bu məsələləri qaldırmamaları anlaşılmaz görünür.
Azərbaycanın addımları sülhə, əməkdaşlığa köklənib. Qafqazda sülhün, əmin-amanlığın, siyasi sabitliyin, iqtisadi və mədəni inteqrasiyanın müəllifi Azərbaycandır. Daha konkret desək, bu ideyanın müəllifi Heydər Əliyevdir. İlk dəfə siyasi anlamda məhz Heydər Əliyev “Qafqazda sülh”, “Ümumi Qafqaz evi” ideyasını irəli sürüb. Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze bu faktı təsdiqləyib. Çıxışlarında deyib ki, “Prezident Heydər Əliyev Qafqazda sülh təşəbbüsünü dəstəkləyən ilk dövlət başçısıdır”.
Heydər Əliyevin təklifi ilə imzalanmış “Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında” Tbilisi Bəyannaməsində (1996) “Ümumi Qafqaz evi” ideyası dəstəklənib. Heydər Əliyev ATƏT-in İstanbul zirvə görüşündə (1999) “Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq paktı”nın yaradılması təklifi ilə də çıxış edib.
İdeya bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilir: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrində Prezident İlham Əliyev deyir: “İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda vəziyyəti tam dəyişdiyi üçün regionda yeni yanaşmaya, yeni gündəliyə ehtiyac vardır. Bu günə qədər Azərbaycanın Gürcüstanla əlaqələri vardır, Ermənistanın da Gürcüstan ilə münasibətləri vardır, lakin Azərbaycan ilə Ermənistan arasında hər hansı bir təmas və ya əməkdaşlıq yox idi. Bəlkə də artıq üçtərəfli əməkdaşlığın mümkün olub-olmamasına baxmağın vaxtı çatıb”.
Azərbaycan bu ideyanın gerçəkləşdirilməsi üçün təklif və təşəbbüslərlə çıxış edib, texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. ABŞ, Avropa İttifaqı öz potensiallarından istifadə edərək Ermənistanı inandıra bilərlər ki, sülh sazişi irəli getməyin yeganə yoludur.