Press "Enter" to skip to content

Sərhəd Xidmətinin sahil mühafizəsi gücləndirilir

Son yeniləmə: 25 May 2021 17:27

Bayraqdar.info – Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzindən bildiriblər ki, mayın 25-də DSX Sahil Mühafizəsinin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası istifadəyə verilib.

Açılış mərasimində DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev çıxış edib. O, bildirib ki, hərbi birləşmələrlə yanaşı, sahil mühafizəsinin hərbi qulluqçuları da zəfər savaşında qəhrəmancasına vuruşub. Yüzədək dənizçi-sərhədçi bu münasibətlə yüksək dövlət təltiflərinə layiq görülüb.

DSX rəisi 2005-ci il fevralın 18-də Xidmətin sahil mühafizəsinin təsis edildiyini bildirib. “Bununla da Xəzər dənizində milli maraqlarımızın yüksək səviyyədə qorunması üçün daha geniş imkanlar yaranıb. Son illər ərzində DSX sahil mühafizəsinin 12 müasir gəmisi dəniz kampaniyasına qəbul olunub”, – deyə qeyd edib.

Bayraqdar.info-nun xəbərinə görə, DSX-də qısa müddətdə səmərəli sərhəd mühafizə sistemi formalaşdırılıb. Hazırda DSX sahil mühafizəsi dəniz mühitində istənilən çağırışa çevik reaksiya göstərə bilir. Həmçinin, Xəzərin Azərbaycana aid hissəsində enerji ehtiyatlarının, neft-qaz boru kəmərlərinin və platformalarının qorunması da DSX-nın üzərinə düşür.

Bundan başqa, beynəlxalq terrorizmə, kütləvi qırğın silahlarının komponentlərinin qanunsuz yayılmasına, qeyri-leqal miqrasiyaya və narkotik qaçaqmalçılığına qarşı da mübarizə aparıldığı vurğulanıb.

DSX-dan verilən bilgiyə görə, tədbirdə Vətən müharibəsində şücaət göstərən və Prezident İlham Əliyevin təltif etdiyi hərbi qulluqçuların orden və medalları təqdim edilib. Qeyd edilib ki, onlar Zəngilanın, Cəbrayılın, Xocavəndin, Suqovuşanın azad olunmasında fərqləndiklərinə görə təltif edilir.

Mərasimdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin rəhbərliyi ilə heyət də iştirak edib. Cəmiyyətin 4 əməkdaşı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Qeyd edilir ki, açılış mərasimindən sonra tədbir iştirakçıları ikimərtəbəli binada yaradılmış şəraitlə tanış olub. Buradakı xidməti və istirahət otaqlarına baxış keçirilib. Eləcə də, konfrans zalı, tibb otağı, yeməkxana, idman meydançası, xüsusi müşahidə, aşkaretmə, rabitə və s. texniki avadanlıqlara da baxılıb.

Mission News Theme by Compete Themes.