Bayraqdar.info – Səhiyyə nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Teymur Musayev Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli də iştirak edib.
Xəbəri mayın 25-də Səhiyyə Nazirliyinin Mətbuat Xidməti yayıb.
Xəbərdə deyilir ki, görüşdə Teymur Musayev ölkələrimiz arasında tibb sahəsində qarşılıqlı faydalı əlaqələrin mövcudluğunu vurğulayıb: “Müasir dünyada keyfiyyətli tibb təhsili olduqca vacib məsələdir. Bu mənada, ATU və Qazi Universitetinin əməkdaşlığı, elmi və təcrübi biliklər mübadiləsinin aparılması çox önəmlidir. Bu əməkdaşlıq tibb işçilərimizin vətəndaşlarımızın sağlamlığının keşiyində daha peşəkarlıqla dayana bilməsi baxımından faydalıdır.
“Mən Vətən müharibəsi dövründə türkiyəli həmkarlarımızın dəstəyini də xüsusi vurğulamaq istərdim. Biz eyni zamanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində də yaxından əməkdaşlıq edirik. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bu qlobal təhlükədən daha az itkilərlə çıxmağı bacarıb”.
Nzirliyin xəbərində bildirilir ki, daha sonra professor G.Gəraybəyli ATU ilə Türkiyənin tibb üzrə ixtisaslaşmış universitetləri arasındakı əlaqələrdən danışıb. O, bildirib ki, rəhbərlik etdiyi universitetlə Qazi Universitetinin işlək əməkdaşlıq müqaviləsi var.
“Biz iki universitet arasındakı memorandumu yenilədik. Tələbələrimiz Qazi Universitetində keçirilən tibb bacısı, stomatologiya və tibb ixtisasları üzrə dərslərə onlayn olaraq qatılıblar. Qeyd edim ki, ATU-da keçən ildən etibarən 4 yeni ixtisas üzrə qəbul aparılır. Bu ixtisaslar üzrə də türkiyəli həmkarlarımızdan kömək görürük”, – deyə rektor bildirib.
Qazi Universitetinin rektoru, professor Musa Yıldız universitetin 95 yaşı olduğunu diqqətə çatdırıb. O, Qazi Universitetinin 11 fakültə, 1 kollec, 3 peşə məktəbi və 5 institut ilə insanların xidmətində olduqlarını deyib. “Qardaş Azərbaycana hər zaman bütün imkanlarımızla yardım etməyə hazırıq. “İki dövlət, bir millət” anlayışı Qarabağ müharibəsi ilə tam şəkildə təsdiqləndi”, – deyə qonaq vurğulayıb.
Xəbərdə o da qeyd edilir ki, görüşün sonunda universitetlər arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, gələcəkdə elmi və təcrübi biliklər mübadiləsinin artırılması qərara alınıb.