Press "Enter" to skip to content

Prezident İlham Əliyevin açıq və ünvanlı mesajları

Ermənistan seçim etməlidir: “Ümumi Qafqaz evi” ideyasının gerçəkləşməsində iştirak edib böhrandan qurtulmaq, yoxsa revanişt təfəkkürün girdabında bir dövlət kimi məhv olmaq

Bayraqdar.info – “Regionda yeni reallıq yaranıb, daha dəqiq desəm, Azərbaycan tərəfindən yaradılıb və Ermənistan, onun cəmiyyəti bu reallığa uyğunlaşmalıdır.”

Bunu Prezident İlham Əliyev mayın 20-də bildirib. Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı önəmli mesajlar verib. Hər birinin geniş şəkildə təhlilə ehtiyacı olan bu mesajlar ümumilkdə regionun gələcəyinə dair vahid fikir formalaşdırmağa imkan yaradır. Həmin mesajların regionun aparıcı aktoru olan Azərbaycanın dövlət başçısı tərəfindən səsləndirilməsi isə beynəlxalq aləmin Cənubi Qafqaza marağını daha da artırır. Çünki bu mesajlar,

Qalib Azərbaycanın bundan sonra atacağı addımlara bir daha aydınlıq gətirir;
“Ümumi Qafqaz evi”nin formalaşdırıla biləcəyinə ümidləri artırır;
İşğalçı və məğlub Ermənistanın bundan sonra bir dövlət kimi var olmaq üçün nə etməli olduğuna dair suala cavab verir.

Beləliklə, birinci məqamın qısa dəyərləndirilməsinə keçərkən diqqəti Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra yaranmış vəziyyətə yönəltməliyik. Çünki məhz bu Zəfər nəticəsində Cənubi Qafqaz regionunda mühüm dəyişikliklər baş verib. Dövlət başçısının təbirincə desək Azərbaycan yeni reallıqlar yaradıb.

Yeni vəziyyətdə yeni yanaşma

Təbii ki, yaranmış yeni vəziyyət öz növbəsində yeni yanaşmaları tələb edir. Prezident İlham Əliyev yuxarıda bəhs edilən müzakirələrdəki çıxışında və çoxsaylı suallara verdiyi cavablarda bu məqamın üzərində xüsusi olaraq dayanıb. Dövlət başçısı postmüharibə dövründə ölkəmizin strateji hədəfləri ilə bağlı mesajlarını diqqətə çatdırıb. Elə əksər yerli və xarici ekspertlər də bu məqamı xüsusi qeyd edirlər. Vurğulanır ki, sözügedən müzakirələri, əslində Azərbaycanın regionumuzda yaratdığı yeni reallıqların qlobal müstəvidə təqdimatı kimi də dəyərləndirmək olar.

Yəni regionda yaranan yeni reallıqlar bütün bölgə dövlətləri arasında geniş əməkdaşlıq perspektivləri açır ki, buradan da ikinci məqama keçmək olar. Söhbət Cənubi Qafqazda inteqrasiya və əməkdaşlıq mühitinin formalaşması məsələsindən gedir. Məhz bu konteksdə də “Ümumi Qafqaz evi”nin formalaşdırıla biləcəyinə ümidlər artır. Hansı ki, bu ideyanın da müəllifi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir.

Heydər Əliyev Qafqazda gedən prosesləri düzgün – sülh istiqamətinə yönəldib regionda sülhə, əminamanlığa nail olmağı çox böyük, müqəddəs məqsəd sayırdı. Məhz Heydər Əliyevin təklifilə imzalanmış “Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında” Tbilisi Bəyannaməsində (1996) “Ümumi Qafqaz evi” ideyası dəstəklənib.

Məhz Heydər Əliyev ATƏT-in İstanbul zirvə görüşündə (1999) “Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq paktı”nın yaradılması təklifi ilə çıxış edib. Həmçinin, bu təklif bir çox region dövlətləri tərəfindən müdafiə olunub.

Heydər Əliyevin ideyası gerçəkləşir

Beləliklə, Azərbaycanın regionda yaratdığı yeni reallıq eyni zamanda Heydər Əliyevin daha bir arzusunun – ideyasının reallaşmasına yol aça bilər. Yəni Şuşanı işğaldan azad etməklə ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyev atasının daha bir arzusunun reallaşdırılmasına da yaxındır.

Təbii ki, bunun üçün müəyyən şərtlərin yerinə yetirilməsi vacibdir. Dövlət başçısının dediyi kimi “İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur”.

Amma bunun üçün, necə deyərlər, hər kəsin əlini daşın altına qoyması vacibdir. Azərbaycana gəlincə bizim mövqeyimiz və gücümüz bəllidir: ölkənin iqtisadi potensialı, bu günə kimi regionda həyata keçirilən enerji və nəqliyyat layihələri “Ümumi Qafqaz evi” konsepsiyasının reallaşdırılmasına tam şərait yaradır.

Yəni dövlət başçısının dediyi kimi biz indi gələcəyə baxmalıyıq: “30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub”.

Zəngəzur dəhlizi yeni imkanlar deməkdir

Beləliklə, Azərbaycan bütün olub-keçənlərə, ötən 30 il ərzində Ermənistanın törətdiyi cinayətlərə baxmayaraq müharibə səhifəsini birdəfəlik bağlamaq istəyir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Amma Ermənistanın da bunu istəyib-istəməyəcəyindən çox şey aslıdır.

30 il ərzində işğalçılıq siyasətinin girovuna çevrilən, bütün regional layihələrdən kənarda qalan Ermənistan indi tarixi seçim qarşısındadır. Ermənistan da Cənubi Qafqazın ümumi gələcəyi naminə prosesə qoşulmalıdır. Bunun üçün Ermənistan siyasətçiləri öz xalqlarına xoşbəxt gələcəyin regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin təmin edilməsindən keçdiyini izah etməlidirlər. Qısası, indi Cənubi Qafqazda inkişaf Ermənistanın siyasi iradəsi və gündəliyindən asılıdır. Ermənistan seçim etməlidir: “Ümumi Qafqaz evi” ideyasının gerçəkləşməsində iştirak edib inkişafa hədəflənmək, yoxsa, revanişt təfəkkürün girdabında bir dövlət kimi məhv olmaq.

Mission News Theme by Compete Themes.