Cemal Yangın: Bu işlərin həyata keçirilməsində istər ATİB bayrağı altında, istərsə də ayrı-ayrı Türkiyə şirkətləri olaraq ön sırada olacağıq
Bayraqdar.info – “Şuşa Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərin simvoludur. Azərbaycan 30 il müddətində dünya birliyini Ermənistanın işğalçılıq siyasətinə qarşı qətiyyətli addım atmağa çağırdı. Lakin təəssüflər olsun ki, dünya birliyi bu çağırışa cavab vermədi.
“Bu isə Ermənistanı növbəti təxribatlara, işğalçılıq siyasətini genişləndirməyə sövq etdi. Belə olan təqdirdə isə Azərbaycan torpaqlarını işğaldan azad etməyə qərar verdi və buna nail oldu. Azərbaycan Ordusu bu Zəfəri ilə həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi. Bu Zəfər türk dünyasına sevinc, qürur yaşatdı.”
Bu sözləri Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın bayraqdar.info-ya özəl açıqlamasında deyib.
Onun sözlərinə görə, bu Zəfərdən sonra Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsinin böyük bir anlamı var: “Çünki bu festival göstərdi ki, Azərbaycan Şuşasına, Şuşa da Azərbaycana qovuşdu. Bunlar bir-birilərindən 30 il ayrı qaldılar. Və o ayrılığın ağırlığını, əzab-əziyyətlərini gördülər. İndi isə bu festival bir fəthin simvolu idi.
“Bu festival 30 ildən sonra bərpa edilməklə həm də dünyaya bir mesaj verdi – Şuşa əzəli və əbədi Azərbaycan yurdudur! Şuşasız Azərbaycanın olmayacağı bir daha bütün dünyaya bəyan edildi. 44 günlük Vətən müharibəsi torpaqların xilas edilməsi, işğaldan azad edilməsi əməliyyatı idi”.
Ermənistanın mahiyyəti
Cemal Yangın daha sonra bildirib: “Festival Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlara, vəhşiliklərə dünya ictimiyyətinin diqqətinin yönəldilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Dünya bir daha Ermənistanın hansı mahiyyətə malik olduğunu bildi.
“Ermənistan işğal müddətində dinc insanlara, o cümlədən tarixi, dini-mənəvi abidələrə, Allahin evi sayılan məscidlərə qarşı da vəhşilik törədib. Amma bu da son deyil. İşğalçılar bu müddətdə təbiətə qarşı da olmazın vəhşiliklər törədiblər. Meşələrin məhvi, bulaqların dağıdılması, torpaqların yandırılması, evlərin daşlarının bir-bir sökülməsi, şəhər, rayon və kəndlərin vuran qoyulması insanlıq əleyhinə törədilmiş cinayətlərdi.
“Baxın, “Xarıbülbül” musiqi festivalı günlərində dünya həm də bir daha bu vəhşiliklər barədə məlumatlı oldu. Azərbaycanın necə bir mənfur, vəhşi düşmənlə üz-üzə olduğu növbəti dəfə dünya ictimaiyyətinə çatdırıldı. “Xarıbülbül” hər nə qədər ənənəvi olsa da, bu il keçirilən festival Zəfərin, qovuşmanın, Vətən torpağı həsrətinin sona çatmasının simvolu idi”.
Cemal Yangın işğaldan azad edilmiş Azərbaycan torpaqlarında aparılan bərpa-quruculuq işlərində türk iş adamlarının iştirakı məsələsinə də münasibət bildirib: “Əmin olun ki, hər bir türk iş adamı o torpaqlara gedib orada aparılan bərpa-quruculuq işlərində iştirak etmək arzusundadır. Bu işlərdə iştirak etmək üçün böyük həyəcanla gözləyən çoxsaylı iş adamları tanıyıram. O cümlədən mən də bu sıradayam.
“İş insanları, iş dünyası bir an öncə həmin müqəddəs torpaqlardakı bərpa-quruculuq işlərində iştirak etmək üçün tələsir. Ancaq hər kəs bilməlidir ki, türk iş adamları burada hər hansı pul qazanmaq məqsədi güdmür. Bizlər ancaq o müqəddəs torpaqlara xidmət etmək istəyirik. Kimsənin şübhəsi olmasın ki, Azərbayvcan və Türkiyə şirkətləri azad edilmiş torpaqlarda birlikdə işləyəcəklər. Həmin torpaqların inkişafına öz dəstək və töhfələrini verəcəklər.
“Lakin bu işlər təkcə arzu və istəklə olmur. Yəni Azərbaycan dövləti ümumi planı hazırlayandan sonra orada işlər başlayacaq. Təbii ki, bu işlərin həyata keçirilməsində istər ATİB bayrağı altında, istərsə də ayrı-ayrı Türkiyə şirkətləri olaraq ön sırada olacağıq”.