Ramazan bayramı günlərində də sürücüləri çərlətdilər. Sözün həqiqi mənasında. Özü də ən kasib, ən möhtac təbəqəni.
Yollarda polislər özəlliklə də “Toyota Prius” avtomobillərini dayandırıb katalizatorunu yoxlayırdı. İddia edilirdi ki, bu maşınların çoxunda katalizator yoxdur. Ona görə də qanun çərçivəsində cəza kəsilirdi.
Belə baxanda, o cəza, o tədbir qanunsuz deyildi. Hər şey qanun çərçivəsində idi. Lakin bir əmma olmasaydı.
Məsələ ondadır ki, həmin maşınlar Azərbaycana xaricdən – əsasən də Gürcüstandan gətirilir. Yəni dövlətin sərhədindən keçirir, gömrük rəsmiləşdirməsini gerçəkləşdirib sonra da Dövlət Yol Polisində qeydiyyata aldırırlar o maşınları. Sonuncu qurum da maşının texniki imkanlarını yoxlayır və ciddi çatışmazlıq olanda onun aradan qaldırılmasını tələb edir. Əgər bu edilməyibsə və maşın da rəsmən qeydiyyata alınıbsa, ilk sual DYP-yə ünvanlanmalıdır.
Bunu qoyaq bir qırağa.
Məhz Ramazan günlərində belə bir qərar vermək kimin ağlının məhsulu olub görəsən? Özü də biz bəzi videolarda gördük ki, maşınları saxlayıb müvəqqəti duracağa aparırlar, orada katalizatoru düzətlmədən buraxmırlar. Müvəqqəti duracaq dediyimiz də sadəcə bir meydançadır. Yəni orda hər hansı texniki xidmət imkanı yoxdur.
Belə olan halda sürücülər xahiş edir ki, cəriməni ödəyirik, icazə verin, maşını ustaya aparaq, düzəltdirək. Ona da izn vermirlər. Belə “ağıllı” qərar verənlər buradakı məntiqi bizə izah etsəydilər, maariflənərdik heç olmasa.
Hələ əlavə edək ki, o katalizator problemi olan maşınların çoxunu gündəlik çörək pulu dalınca evdən çıxan taksiçilər sürür. Yəni adamların çörəyinə, özü də bayram günlərində bais olmaqla bu qərarı verənlər hansı “xeyir-dua”nı qazandıqlarının fərqinə də varmayıblar. Belə anlaşılır.
İndi də görürük ki, maşınların ixrac etdiyi zərərli tullantıları yoxlayırlar. Benzini necə yandırır? Yandırırsa normadan artıq tullantısı varmı?
Burada da bir əmma var axı! Azərbaycanın müvafiq qurumları bəyan ediblər ki, ölkəmiz standartlara cavab verən normal benzini 2022-ci ildən istehsal etməyə başlayacaq. Yəni bu o deməkdir ki, ölkəmizdə normal benzin yoxdur! Benzin normal deyilsə onun yanmasından sonra ətraf mühitə atılan tullantısı normaya uyğun ola bilərmi, ay ağıllılar?
Ümumiyyətlə, niyə öz məntiqsiz qərar və icraatlarınızla özəlliklə də kasıb-kusuba qənim kəsilirsiniz? Məqsədiniz ictimai narazılığı körükləndirməkdir?
Zəhmət çəkin, öncə normal benzin istehsalını və satışını təmin edin, sonra da normativ tələb edin də.
Yaxud da sərhəddə, gömrükdə, DYP-də normal, rüşvətsiz, süründürməçiliksiz bir ortam yaradın, çatışmazlığı olan maşınları ölkəyə buraxmayın, sonra qaydaları tətbiq edin.
Yoxsa əvvəl özünüz qayda pozuntusu üçün şərait yaradırsınız, sonra da kasıb-kusubu dövlətlə üz-üzə qoyursunuz!
Olmaz belə, olmaz! Siz bu əməllərinizlə Prezident İlham Əliyevin əsasən də aşağı təbəqənin normal yaşamına vermək istədiyi dəstəyi sabotaj edirsiniz! Bu isə birbaşa dövlət siyasətinə qarşı gəlmək, vətəndaş narazılığını körükləmək, xalqla Prezidenti qarşı-qarşıya qoymaq deməkdir!