Press "Enter" to skip to content

Azərbaycanda COVID-19 pasportu tətbiq olunacaq

Açıq məkanlarda maska ləğv edilir, iri ticarət mərkəzləri, çimərliklər və idman kompleksləri açılır

Bayraqdar.info – Mayın 31-dən Azərbaycanda açıq məkanlarda maskanın taxılması tələbi ləğv olunur, iyunun 10-dan isə iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa ediləcək.

Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov həmçinin deyib ki, iyunun 10-dan çimərliklərin, idman və sağlamlıq-bərpa müəssisələrinin fəaliyyətinə icazə veriləcək. Ötən il çimərliklərdə tətbiq olunan qaydalar bu il də qüvvədə qalacaq.

Brifinqdə Azərbaycanda COVID-19 pasportunun tətbiq olunacağı da vurğulanıb.

COVID-19 pasportu iki sertifikatdan ibarətdir. Birincisi peyvəndlənmə sertifikatıdır. Bu, vaksinin hər iki dozasını alan şəxslərə verilir. İkincisi isə immunitet sertifikatıdır. Bu sertifikat xəstələnib sağalmış insanlara tətbiq olunur. Hər iki sertifikatın üzərində QR kod mövcuddur. Yəni onlar elektron yoxlanılma imkanına malikdir.

Prezidentin köməkçisi deyib ki, qeyd edilən sertifikatlardan birinin olması idman-sağlamlıq obyektlərinə girişə icazə verir. COVID-19 pasportu olmayan insanlar hələlik idman, sağlamlıq-bərpa obyektlərinin xidmətlərindən istifadə edə bilməyəcəklər.

COVID-19 pasportu ilə gələcəkdə konsert, teatr, kinoteatr, nəhayət toy və digər tədbirlərə də daxil olmaq mümkün olacaq.

Brifinqdə mayın 31-dən regionlararası ictimai nəqliyyatın fəaliyyətinin bərpa ediləcəyi də bildirlirb. Həmçinin iyunun 10-dan müvafiq məhdudiyyətlər – maska, məsafə və say həddi nəzərə alınmaqla ibadət yerləri də açılacaq.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva isə ölkəmizdə üç müxtəlif şirkət tərəfindən istehsal olunan iki növ vaksinin oldugunu qeyd edib. Yəni həm inaktivasiya olunmuş bir, həm də vektor platformasında hazırlanan iki vaksin tətbiq olunur.

“Həmçinin üçüncü növ vaksin olan M-RNT tipli peyvəndi də gözləyirik. Qarşıdakı günlərdə Biontech/Pfizer vaksini də Azərbaycana gətiriləcək”, – deyə Y.Qarayeva brifinqdə qeyd edib.

Mission News Theme by Compete Themes.