Press "Enter" to skip to content

Yaşasaydı 73 yaşı tamam olacaqdı…

…Son illər səhnəmizin yaraşığı olan, yüksək səhnə, efir mədəniyyəti və maraqlı rolları ilə qəlblərimizə yol tapan xeyli peşəkar aktyorumuzu itirdik. Bu, çox ürəkağrıdıcı məqamdır. Bir də daha pisi onların davamçılarının olmamasıdır. Belə möhtəşəm aktyorlarımızdan biri Fuad Poladov idi…

Ölümü ilə hamını göz yaşına boğan, çoxlarını sarsıdan Fuad Poladov…

…Onun özünəxas səsi, duruşu və yaddaşlara həkk olunan baxışları vardı. Həyatı da özü kimi qəribəliklərlə dolu aktyorumuz səhnəyə çox yaraşırdı. Səhnəyə çıxan kimi səhnə sanki dolurdu. Bir insanda nə qədər enerji, nə qədər səhnə sevgisi olarmış, ilahi…

Hər aktyorda səs, xarizma və güclü səhnə manevrləri birləşmir. Fuad Poladovda isə bunların hamısı birləşirdi.

Biz uşaqlıqdan onun rollarını izləyərək böyümüşük. Hələ Azərbaycanda yalnız bir telekanal fəaliyyət göstərdiyi vaxtlarda onun rol aldığı tamaşaları sevə-sevə izləyirdik.

Fuad Poladov Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri idi. O, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı idi.

Həyatı

Fuad Agarəhim oğlu Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə M.Əliyev ad. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

1969-cu ildən 1989-cu ilə qədər – 21 il Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən vəfat edənə qədər isə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

Rolları

Fuad Poladovun ilk rolu 1966-cı ildə “İstintaq davam edir” filmində Səlim obrazı olub. Daha sonra İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşasında Savalan rolunu oynayıb. Beləliklə, aktyorun səhnə yaradıcılığı davam edib.

Alman ədibi Fridrix Şillerin “Məkr və məhəbbət” tamaşasında Ferdinand, Nazim Hikmətin “Məhəbbət əfsanəsi”ndə Fərhad, M.S.Ordubadinin “Qılınc və qələm”ində Nizami, M.Qorkinin “Həyatın dibində” tamaşasında Baron, M.İbrahimbəyovun “Kərgədan buynuzu”nda Rauf, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasında Şahbaz bəy, Şekspirin “Hamlet”ində Hamlet rollarını ifa edib.

Böyük sənətçinin İlyas Əfəndiyevin “Boy çiçəyi”, “Qəribə oğlan”, Büllur sarayda”, “Mahnı dağlarda qaldı”, “Məhv olmuş gündəliklər” tamaşalarında, Əli Əmirlinin “Şah Qacar”ında və digər müxtəlif tamaşalarda oynadığı rollar heç vaxt yaddan çıxmaz.

Mükafatları

1982-ci ildə Azərbaycan SSR Əməkdar artisti, 1987-ci ildə Azərbaycan SSR Xalq artisti, 2004-cü ildə “Teatr xadimi” qızıl medalı, 2007-c ildə “Qızıl dərviş” mükafatı, 2015-ci ildə “Qızıl pəri” mükafatı və 2016-cı ildə “Cəfər Cabbarlı mükafatı”na layiq görülüb.

Aktyorun Rus Dram Teatrında yaratdığı xeyli sayda obraz da var:

Erve Monten – “Tamaşaçılara baxmaq qadağandır” (J.Marsan), Daniel – “Tənha kişi üçün tələ” (R. Tom), Pavel Trunnikov – “Şəhərdə dəhşətli dərəcədə narahatlıq var” (İ. Pikovski), Lopaxin – “Albalı bağı” (A.P. Çexov), Yuliy Sezar – “Kölgələrin oyunu” (Y. Edlis), Stefan – “Qara dəlik” (Q. Stefanovski), İblis – “İblis” (H.Cavid), Sankiti Oba – “Aramızdakı kabuslar” (K.Abe), Eddi Karbone – “Eddi Karbone” (A.Miller), Stefan “Fransızsayağı ailə” (J.Puare), Svetlovidov – “Qu quşu mahnısı” (A.P. Çexov), Lord Avqust – “Avqust üzərinə düşən vəzifəni yerinə yetirir” (B.Şou), Floran – “Müqəddəs bədheybətlər” (J.Kokto), Eduard Polumb – “Dulların təsəlliçisi” (C.Marotta, B.Randon), Həkim Korniş – “Əlçatmaz qadın” (S.Moem), Napaleon 1 – “Napaleon 1” (F.Brukner), Kardinal Vulsi – “Şah oyunları”. (Q.Qorin), Həkim Dorn – “Qağayı” (A.P.Çexov), Herman Luis – “Qarışıq hisslər” (R.Baer).

Çəkildiyi filmlər

Möhtəşəm aktyor olan Fuad Poladov 43 filmə çəkilib. Onun çəkildiyi filmlər nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində məşhurdur. Hələ təkcə 1977-ci ildə çəkilmiş “Qaynana” filmində yaratdığı Ayaz obrazı tamaşaçıların yaddaşında silinməz iz buraxıb.

Çəkildiyi filmlərdən “Ad günü”, “Agsaqqal Gəraybəyli”, “İstintaq dvam edir”, “Axırınıcı dayanacaq”, “Ailə”, “Alov”, “Arxada qalmış gələcək”, “Atayevlər ailəsi”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Cəza”, “Dədə Qorqud hekayələri”, “Dolu”, “Əlvida, cənub şəhəri”, “Ən vacib müsahibə”, “Əlavə təsir”, “Fatehlərin divanı”, “Güllələnmə təxirə salınır”, “Hacı Qara”, “Həqiqətin özü”, “Həyat çiçəyi”, “Qırmızı terror və ya Mircəfər Bağırov”, “Ovsunçu”, “Qara Volqa”, “Mən evə qayıdıram”, “Köpək”, “Tərsinə çevrilən dünya”, “Üçüncü zəng”, “İşarəni dənizdən gözləyin” və başqaları çox məşhurdur. Aktyor xeyli sayda tam və qısametrajlı filmdə çəkilib. Sənədli filmlərdə və seriallarda rol alıb.

Bakı küçələrində gəzişməyi çox sevirdi Fuad Poladov… Onun özünəməxsus dünyası var idi. Öz dünyasına heç kimi buraxmırdı. Gəncliyində yaşadığı bir çox hadisələr sanki onu özünə qapatmışdı…

Qəribə, oxşar və faciəli tale…

İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsərində Savalan obrazını yaradarkən tərəf-müqabili olan aktrisa Vəfa Fətullayeva ilə olan sevgi macərası dillər əzbəri idi. Məşhur aktrisa Hökumə Qurbanovanın qızı Vəfa xanımın F.Poladovla ailə qurmasına qarşı olması iki gəncin həyatını demək olar ki, alt-üst etmişdi. Onlar bir-birlərini dəlicəsinə sevirdilər.

1987-ci ildə aktrisa Vəfa Fətullayeva qan xərçənginə tutulur və Fuad Poladovun ad günündən 3 gün əvvəl xəstəxanada, elə Fuad Poladovun qollarında dünyasını dəyişir. Bu, aktyorun dərin sarsıntı keçirməsinə səbəb olur. Sevdiyi qadının ölümündən 31 il sonra Fuad Poladov elə may ayında eyni xəstəlikdən dünyasını dəyişir. Nə qədər faciəli, nə qədər qəribə, nə qədər bənzər tale olarmış, ilahi!

Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkirdi. Xəstə olsa da səhnə ona həyat verirdi. 2018-ci il mayın 5-də uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib. O, vəsiyyətinə uyğun olaraq Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Biz onu itirdik, gözümüz hər yerdə onu axtaracaq, onun səsini eşitmək istəyəcəyik, amma olmayacaq! Biz bundan sonra Onu yalnız filmlərdən, videotekamızda qalan videokadrlardan izləyə biləcəyik. Ölməzlik qazanan aktyorumuza Allahdan rəhmət diləyirik.

Qeyd: Yazıda istifadə edilən bilgilər açıq mənbələrdən əldə edilib.

Mission News Theme by Compete Themes.