Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov mayın 24-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Bu haqda xəbəri bayraqdar.info-ya Qırğızıstan Prezidentinin Administrasiyasından veriblər.
Tərəflər iki ölkə arasındakı münasibətlərin cari durumunu və perspektivini müzakirə edib. Eyni zamanda iki ölkə rəhbərinin bundan öncəki görüşündə əldə edilmiş razılaşmalarla bağlı durum müzakirə edilib.
İki dövlət rəhbəri bölgədə təhlükəsizlik və sabitliyin təmini məsələsini də müzakirə edib. Özəlliklə də aprelin 28-30-da Qırğızıstan-Tacikistan sərhədində baş verənlər diqqət mərkəzində olub. Dövlət başçıları ərazidə zərər çəkənlərə yardım yollarını geniş müzakirə ediblər.
V.Putin iki dövlət arasındakı münasibətlərin möhkəmləndiyini və inkişaf etdiyini bildirib. O, qeyd edib ki, ölkələr arasında ticarətdə son bir ildə pandemiya üzündən eniş olsa da münasibətlər yüksək səviyyəsini qoruyur. Prezident eyni zamanda Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin Qırğızıstanda istehsalı imkanlarının nəzərdən keçirildiyini deyib.
V.Putin Tacikistanla sərhəddə baş verənləri həyəcanla izlədiklərini, Qırğızıstan və Tacikistan liderlərinin məsələni həll etmək üçün iradə nümayiş etdirdiklərini də ayrıca vurğulayıb.
Qırğızıstan Prezidenti öz növbəsində Rusiya Prezidentinə belə həssaslığından dolayı təşəkkür edib. O, özəlliklə də Tacikistanla sərhəddə baş verənlərə münasibətinə görə V.Putinə minnətdar olduqlarını deyib. Əlavə edib ki, Qırğızıstan bundan sonra da Rusiya ilə münasibətlərin genişləndirilməsində maraqlıdır.