Bayraqdar.info – Özbəkistan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanovun başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Bu barədə bayraqdar.info-ya “ASAN xidmət” mərkəzindən məlumat verilib.
Qonaqlara “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılmasıyla səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər qazanılıb.
Həmçinin, bu günədək 44 milyona yaxın vətəndaş müraciətinin qeydə alındığı vurğulanıb. “ASAN xidmət”in 2015-ci ildə BMT-nın Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü bildirilib. Eyni zamanda 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
Özbəkistan nümayəndə heyətinin rəhbəri iki ölkə arasında korrupsiyaya qarşı mübarizə və dövlət xidmətlərinin göstərilməsi sahələrində əməkdaşlığı yüksək qiymətləndirdiyini deyib. Eyni zamanda dövlət idarəçiliyi sahəsində ölkəmizin qabaqcıl “ASAN xidmət” təcrübəsinin Özbəkistanda tətbiqinin önəmindən bəhs edib.