Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi mayın 26-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanını (II cəhd) keçirəcək.
Məlumatı DİM yayıb.
Bildirilir ki, imtahan Respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 63 imtahan binasında aparılacaq.
İmtahana hazırlıq tədbirləri keçirilir. Əməkdaşların təlimatlandırılması, imtahan binalarının yoxlanılması, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şəraitin yaradılması işləri tamamlanır.
İştirakçıların imtahan vaxtını düzgün idarə edə bilməsi üçün Bakı və regionlar da daxil olmaqla bütün imtahan zalları saatla təmin olunub.
DİM bildirir ki, imtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Həmçinin, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
COVID-19 infeksiyası ilə əlaqədar kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə iştirakçılar üçün imtahan binasına müxtəlif daxil olma vaxtları müəyyən edilib. Bu vaxt imtahan iştirakçısının buraxılış vərəqəsində göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək vacibdir.
“İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı gətirmək qadagandır. Həmçinin, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər də gətirmək olmaz. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və məsafədən ölçən elektron termometrlə bədən hərarəti yoxlanılacaq. Daha sonra zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında bakalavrların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin ediləcək”, – deyə DİM vurğulayır.
DİM məlumat üçün qeyd edir ki, imtahanda iştirak üçün 14 min 694 bakalavr ərizə təqdim edib. Onlardan 13 min 530 nəfəri Azərbaycan bölməsi, 1 min 164 nəfəri rus bölməsi üzrə imtahan verəcək.
DİM onu da bildirir ki, imtahanın idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 169 imtahan rəhbəri cəlb ediləcək. Bundan başqa, 1 min 365 nəzarətçi-müəllim, 126 buraxılış rejimi əməkdaşı (mühafizə) və 63 bina nümayəndəsi də imtahanların keçirilməsində iştirak edəcək.
“Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün mayın 19-dan etibarən DİM-in internet saytında “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.
Bakalavrlar imtahana gələrkən bu sənədləri mütləq özləri ilə gətirməlidirlər:
– Şəxsiyyəti təsdiqləyən sənədin əsli;
– “İmtahana buraxılış vərəqəsi”;
– “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (Bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və bakalavr tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).
Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq”, – deyə DİM-in məlumatında qeyd edilib.
Həmçinin o da bildirilir ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə mayın 25-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənəcək. Bundan sonra isə həmin möhürlü binalar Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.