Azərbaycan prezidentinin informasiya strategiyası, diqqət çəkən məqamlar
Mövcud müharibələr nəzəri baxımdan “hibrid müharibələr” kimi təsnif edilir. Mahiyyəti budur ki, münaqişə tərəfləri klassik hərbi müdaxilə formaları ilə yanaşı informasiya təxribatları, kiberhücum mexanizmlərindən də istifadə edirlər.
Son 30 il müddətində Ermənistan və qlobal erməni şəbəkəsi tərəfindən Azərbaycana qarşı aparılan işğalçı müharibə də bənzər texnologiyalarla reallaşdırlıb. Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistan beynəlxalq havadarlarının yardımından istifadə edərək dünya ictimai rəyini çaşdırıb, informasiya müstəvisində özünün “haqlı” obrazını yaratmağa çalışıb.
“İnsan haqları”, “ifadə azadlığı” mövzularını manipulyasiya edən bəzi “beynəlxalq təşkilatlar”, transmilli media da erməni şəbəkəsinə bu yöndə dəstək verib, Qarabağ münaqişəsinin səbəblərini yanlış təqdim etməklə beynəlxalq ictimai rəydə çaşqınlıq yarada biliblər.
Məhz bu çaşqınlığın nəticəsidir ki, 1992-1993-cü illərdə suveren ərazisi, inzibati rayonları ard-arda işğal edilən Azərbaycan, nə qədər ironik olsa da, özü sanksiyalara məruz qalmışdı. Erməni lobbisinin təşəbbüsü ilə 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına 907-ci düzəliş əlavə edilərək Azərbaycana Amerikanın birbaşa dövlət yardımı yasaqlanmışdı. Bu sanksiyanı əsaslandırmaq üçün ironik səbəblər göstərilmiş, Azərbaycan tərəfindən Ermənistana qarşı blokadanın dayandırılması, “Qarabağın işğalı”na son qoyulması tələb edilmişdi. Bənzər faktların sayı N qədərdir.
Azərbaycanın qələbəsi ilə yekunlaşmış 44 günlük müharibənin üstünlüklərindən biri də budur ki, o, ölkənin 20 faiz torpağının işğaldan azad olunmasını təmin etməklə yanaşı erməni şəbəkəsi tərəfindən 30 il müddətində qurulmuş yalançı təbliğatın, yanlış stereotiplərin dağıdılması baxımından da xarakterik oldu.
44 günlük müharibə dövründə dövlət qurumları, xüsusən Prezident Administrasiyası, Müdafiə və Xarici İşlər nazirlikləri informasiya işlərini peşəkar, operativ qurdular, düşmən tərəfindən yayılmış fikir və məlumatlara dərhal reaksiya verdilər, hər hansı ideoloji təxribatın cavabsız qalması üçün Ermənistana şans tanımadılar.
Müharibənin gedişində çox aydın şəkildə hiss olunurdu ki, Azərbaycan döyüş əməliyyatları ilə yanaşı informasiya savaşına da hazırlıqlı olub; informasiya savaşından qalib çıxmaq üçün xüsusi bir strategiya hazırlanıb.
Ermənistan–Azərbaycan savaşı transsərhəd media müstəvisində
İnternet axtarış alətləri, məxsusən, “Google scholar”a istinad edərkən bəlli olur ki, dünya mediası 44 günlük müharibəyə xüsusi diqqət göstərib.
Axtarışlar nəticəsində bəlli olur ki, 44 gün ərzində təqribən 189 transsərhəd media qurumu (Azərbaycan və Ermənistandan kənar) mövzunu işıqlandırıb, müharibəni müxtəlif kontekstlərdən şərh edib. Yayımlanmış məqalə və reportajların sayı 500-dən çoxdur.
Bloqlarda, sosial şəbəkə platformalarında yayımlanan informasiyaların sayı isə 10 minlərlə ölçülür, heyrət doğurucu rəqəmlər ortaya çıxır. Əlbəttə, zamanın keçməsi, təqvimin dəyişməsi 44 günlük müharibə barədə yayımlanmış məqalələrin aktuallığının azalması, oxunaqlılıq səviyyəsinin enməsi internet axtarış sistemlərində əldə edilən nəticələrin kəmiyyətini dəyişir. Amma bu, ümumi mənzərəyə xələl gətirmir: indiki axtarış nəticələri göstərir ki, dünyaca məhur bütün media qurumları 44 günlük müharibəyə diqqət yetirib, onu günün vacib mövzusu kimi aktual saxlayıb.
Yayımlanmış məqalələrdə Azərbaycanın mövqeyi kifayət qədər yer tutub, əsaslandırlıb. BBC, CNN, Deutsche Welle (DW), Washington Post, The New York Times, France 24, Reuters, The Guardian, Bloomberg, əl Cəzirə, The Wall Street Journal, Euronews, TRT World, Russia Today (və digər) kimi dünyaca məşhur, qlobal ictimi rəy yaradıcıları olan transmilli media qurumlarının səhifələrində (efirində) müharibə ilə yanaşı Azərbaycanın mövqeyi də kifayət qədər işıqlandırılıb. Yəni, Azərbaycan transmilli media müstəvisində özünün haqlı mövqeyinin görünməsini təşkil edə bilib.
Prezidentin müsahibələri
Bu kontekstdə Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrinin aparıcı media vasitələrinə verdiyi müsahibələri xüsusi olaraq qeyd etmək lazımdır. Bu müsahibələr düşmənə qarşı ideoloji sipər rolunu oynadı, Qarabağ müharibəsi, onun tarixi kökləri, müasir mərhələsi, Azərbaycanın haqlı mövqeyi barədə dünya ictimaiyyətinə dolğun məlumat çatdırdı.
Dövlət başçımız müsahibələrində həm xarici, həm də daxili auditoriyaya vacib ismarıclar ötürdü. Bu ismarıclar təkcə Qarabağ münaqişəsi kontekstində deyil, həm də Azərbaycanın dünyada yeri, qonşularla münasibəti, reallaşdırdığı qlobal və regional layihələr, Cənubi Qafqaz regionunun perspektivinə baxış yönündə oldu.
Məsələn, Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində Qarabağ münaqişəsi ilə yanaşı, Azərbaycanın reallaşdırdığı enerji, nəqliyyat, internet kommunikasiya layihələri barədə ayrıntılı bilgilər verdi, bu layihələrin ümumilkdə regionun mənzərəsini dəyişdiyini qeyd etdi.
Yaxud, Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində Prezident Qarabağ münaqişəsi ilə yanaşı Türkiyənin regionda rolu, əhəmiyyəti barədə, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf tendensiyası haqqında mühüm açıqlamalar verdi, yeni məlumatlar açıqladı.
Digər müsahibələrdə də fərqli nüanslara aydınlıq gətirildi.
Azərbaycanın əhəmiyyəti vurğulandı
Beləliklə, bu müsahibələrdə Azərbaycanın region və dünya üçün əhəmiyyəti bir daha açılmış oldu. Amma istənilən halda Prezident İlham Əliyevin müsahibələrində diqqət Qarabağ münaqişəsinin üzərində cəmləşdi, beynəlxalq ictimai rəydə münaqişə barədə mövcud olan qaranlıq məqamlara aydınlıq gətirildi.
Bu müsahibələr sayəsində cəbhədəki, döyüş meydanındakı üstünlüyümüz ideoloji müstəviyə də daşındı. Prezident müsahibə və çıxışlarında jurnalistlərə münaqişənin tarixi, hazırkı vəziyyəti və Azərbaycanın mövqeyi ilə bağlı kifayət qədər tutarlı arqumentlər verdi.
Prezident həmin müsahibələri ilə dünya mediasına yeni tezislər verdi. Bu yöndə nüanslara aydınlıq gətirilməsi üçün CNN-in “Amanpour” verilişinin aparıcı Kristian Amanpourun oktyabrın 23-də Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla müsahibəsinə diqqət yetirmək kifayətdir. Müsahibənin gedişində Amanpour Ermənistan-Azərbaycan münaqişəsinə işıq salır, faktları obyektiv olaraq səsləndirir. Gəncənin atəşə tutulması, Ermənistanın işğalçılıq siyasəti barədə sərt suallar qaldırır, Mnatsakanyanı aciz duruma salır.
Maraqlısı odur ki, Kristian Amanpourun bu müsahibədə səsləndirdiyi fikirlər Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi çoxsaylı müsahibələrdən götürülmüş tezislərdən ibarətdir. Yəni, Prezidentin öz müsahibələrində səsləndirdiyi tezislər CNN əməkdaşının dilindən səslənir. Müsahibəni dinləyərkən bu faktın qabarıq göründüyünü müşahidə etmək mümkündür. Elə təəssürat yaranır ki, Amanpour Prezident İlham Əliyevin bütün çıxışlarını izləyib, tezisləri qeydə alıb, həmin tezisləri suala çevirərək Zöhrab Mnatsakanyana ünvanlayır və onu çıxılmaz duruma salır.
Qısa vaxtda xeyli müsahibə
Qısa zaman kəsiyində – 44 gün müddətində – Prezident İlham Əliyev dünyanın məşhur 26 media qurumuna masahibələr verdi. Qeyd edilən müsahibələr sayəsində demək olar ki, Qarabağ münaqişəsinin kökləri barədə rəqəmsal məlumat bazası, rəqəmsal yaddaş formalaşdı. Bütün dünya əhalisinin Qarabağ münaqişəsi barədə rəqəmsal məlumat, dolğun informasiya almaq imkanları təmin edildi.
İnformasiya savaşının mövcud mərhələsi, Prezident İlham Əliyevin media təmasları
Diqqət yetirsək görərik ki, 44 günlük müharibə dövründə olduğu kimi indi də Prezident və onun komandası aktiv savaş halındadır, informasiya və diplomatik müstəvidə proses davam edir. Yəni, döyüş bölgəsində əməliyyatlar bitsə də informasiya müstəvisində savaş davam edir.
Prezident İlham Əliyev 2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında 4 saat ərzində 35 media qurumunun 50-dək sualını cavablandırdı.
Aprelin 11-də isə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqaz üçün yeni baxış – müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masada dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələrinin suallarını cavablandırdı.
Əlamətdar çıxış
Bu kontekstdə mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatlı konfransdakı çıxış da çox əlamətdardır.
Müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlar müzakirələrdə iştirak etdi və Prezient onların hər birinin suallarını şəxsən cavablandırdı.
Prezident beynəlxalq statuslu media qurulumları ilə yanaşı, yerli media ilə də çox sıx şəkildə təmasdadır, intensiv açıqlamalar, müsahibələr verir və bu müsahibələrdə erməni təbliğatının yüz il boyu ortalığa qoyduğu ideoloji iddiaları darmadağın edə bilir.
Diqqətçəkən məqamlardan biri də odur ki, Prezident təkcə ənənəvi media ilə işləmir, həm də sosial şəbəkələrin imkanlarından ciddi şəkildə istifadə edir. Həm Twitter, həm Facebook, həm də digər sosial şəbəkə platformaları üzərində olan hesabları gün ərzində dəfələrlə yenilənir, əhəmiyyətli informasiyalar operativ olaraq bütün oxuculara çatdırılır.
Prezidentin Twitter hesabı hələ 44 günlük müharibə dövründə həm Azərbaycanda, həm də Ermənistanda ciddi şəkildə izlənilməklə mühüm bir brendə çevrilmişdi. Eyni zamanda dünya mediası üçün mühüm bir informasiya qaynağı idi. Onun Twitter hesabındakı paylaşımlar, mesajlar çox ciddi şəkildə diqqətə alınır və ciddi reaksiyalarla müşahidə olunur. Belə yanaşma bu gün də davam edir.
Modern texnologiyalar
Prezidentin yeni informasiya strategiyasında diqqət çəkən daha bir nüans var: o, ən modern texnologiyalardan istifadə edir. Prezident öz çıxışlarında müasir trendlərdən olan “data jurnalistikası”nın prinsiplərini tətbiq edir. Çıxışları qısa və lakonikdir, daha çox faktların, rəqəmlərin müqayisəli təqdimatı ilə müşaiyət olunur.
Prezident “data jurnalistikası”nın prinsiplərindən faydalanmaqla həm Ermənistanın yalançı, riyakar olduğunu isbatlayır, həm də müasir dünya oxucusu tərəfindən rəğbətlə qarşılanır. Dünya media məkanı indi bu elementlərə çox önəm verir. Artıq dünya informasiya məkanı uzun-uzadı müsahibələrə deyil, qısa, lakonik, tutarlı arqumentlərlə, statistikalarla dolu olan çıxışlara diqqət yetirir.
Bu baxımdan cənab Prezidentin öz çıxışlarında bu prinsipi tətbiq etməsi həm onun özünə, həm də Azərbaycanın təbliğatına, Azərbaycanın haqq səsinin çatdırılmasına çox ciddi şəkildə müsbətlər gətirir.
Prezidentin çıxışlarında, müsahibələrində sülhpərvərlik, humanizm prinsipləri var. Cənab Prezidentin çıxışlarına baxsaq görərik ki, burada birmənalı şəkildə Cənubi Qafqazda sülhün yaradılmasından, abadlaşdırma, insanların rifah halının yüksəldilməsindən söhbət gedir. Əgər İlham Əliyevin təklifləri Ermənistan tərəfindən də qəbul edilərsə, nəinki Azərbaycanda və Ermənistanda, bütün Cənubi Qafqazda çox ciddi şəkildə sosial-iqtisadi inkişaf əldə oluna bilər.
İsmarıclar
Prezident İlham Əliyevin çıxışları məzmun, verdiyi mesajlar baxımından da diqqət çəkir.
Bu mesajlar sülhpərvərdir, dünyada və regionda sülhün qurulmasını ehtiva edir.
Bu mesajlar Cənubi Qafqazın inkişafını ehtiva edir.
Bu mesajlar erməni təbliğatının mahiyyətini öldürür.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən videoformatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrə baxsaq və orada iştirak edən şəxslərin sonradan paylaşdığı fikirlərə, mesajlara, sosial şəbəkələrdəki çıxışlarına diqqət yetirsək görərik ki, bu çıxışların hər birində Prezident İlham Əliyevin nitqinə heyranlıq nümayiş etdirilir, onun dəstəklənməsinə yönəlik fikirlər paylaşılır. Bu adamlar dünyada aparıcı siyasi şəxslərdir, onların mesajları hər kəs tərəfindən ciddiyə alınır.